Tailandda turistlər üçün icbari sığorta tətbiq oluna bilər

Baş səhifə

Bakı. Trend:

Tailand artan borc yükü və göstərilən tibbi xidmətlərə görə
ödənilməmiş hesabların ictimai səhiyyə sisteminə təzyiqi səbəbindən
xarici turistlər üçün məcburi sığortanın tətbiqi məsələsini
nəzərdən keçirir.

Trend xəbər
verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

“Bizim artıq müvafiq planlarımız var. Əsasən əhatə dairəsi və
xarici pasiyentlər tərəfindən ümumi yükün həcmi nəzərə
alınmalıdır”, – deyə krallığın səhiyyə naziri Phatthana Promphat
bildirib.




O qeyd edib ki, belə bir tədbir müxtəlif qrupların, o cümlədən
turistlərin və miqrantların, xüsusilə sərhədyanı ərazilərdə
yaşayanların maraqlarını diqqətə almalıdır.

Krallığın səhiyyə nazirliyinin məlumatına görə, əvvəlcədən tibbi
sığorta əldə etməyən xarici turistlərin ödəmədiyi hesabların həcmi
hər il 100 milyon batı (3 milyon ABŞ dolları) ötür. Belə hallar ən
çox Puket və Çianqmay kimi iri turizm mərkəzlərində qeydə alınır.
Əvvəllər hava yolu ilə gələn turistlərdən tutulması planlaşdırılan
300 bat (9,2 ABŞ dolları) məbləğində rüsum gündəlikdən
çıxarılıb.

Hazırda Tailand hakimiyyəti xarici vətəndaşların səhiyyə
sisteminə çıxışı ilə bağlı problemi daha effektiv həll yolu kimi
məhz icbari sığortanı nəzərdən keçirir.