İranın Cənubi Pars xüsusi iqtisadi zonasına hava hücumları edilib

Baş səhifə

Bakı. Trend:

ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda İranın
cənubunda yerləşən Buşehr vilayətinin Əsəluyə rayonunda Cənubi Pars
Xüsusi Enerji İqtisadi Zonasında neft-kimya məhsulları istehsal
edən bir sıra müəssisələrə zərbələr endirilib.

Trend-in
məlumatına görə, bu barədə İranın Buşehr vilayəti valisinin müavini
Ehsan Cahanian yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda müəssisələrə dəyən ziyan
araşdırılmaqdadır və indiyə qədər ölüm faktı qeydə alınmayıb.




Xatırladaq ki, bundan öncə də İranın Cənubi Pars Qaz Şirkətinin
emal zavodlarına hərbi hava hücumları edilib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.