Övladının dəfnində canlı yayım açan 9 uşaq atası nəzarətə götürülüb

Baş səhifə

Bakı. Trend:

Dövlət qurumları Sumqayıtda körpə övladının dəfni zamanı “TikTok”da canlı yayım açan, cənazə ilə canlı yayım açıb sosial
şəbəkələrdə yayan ailəni nəzarətə götürüb.

Bu barədə Trend-ə açıqlamasında Ailə Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu
bildirib.

Onun sözlərinə görə, Sumqayıt şəhərində baş vermiş hadisə ilə
bağlı vəziyyət aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətə
götürülüb və diqqətdə saxlanılır:

“Hadisə baş verən ailəyə Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin, eləcə də yerli icra hakimiyyəti və bələdiyyə
nümayəndələri tərəfindən yerində baxış keçirilib. Ailənin mövcud
vəziyyəti qiymətləndirilib, uşaqların sağlamlıq durumu və sosial
şəraiti ilə bağlı ilkin araşdırma aparılıb.




Məlumat verilib ki, hazırda zərərçəkmiş uşaqların müalicəsi tibb
müəssisələrində davam etdirilir və onların vəziyyəti həkim
nəzarətindədir. Eyni zamanda qeyd olunur ki, baş verən hadisənin
dəm qazından zəhərlənmə ehtimalı araşdırılır və bu istiqamətdə
müvafiq yoxlamalar aparılır.

Əlavə edim ki, aparılan araşdırmaların nəticələrinə əsasən
məsələyə hüquqi və sosial qiymət veriləcək. Bununla yanaşı,
valideynləri və ailə üzvlərini uşaqlara qarşı ümumilikdə daha
diqqətli və həssas olmağa çağırırıq. Uşaqların təhlükəsizliyi,
sağlamlığı və rifahı gündəlik qayğı və məsuliyyət tələb edir.
Araşdırmaların yekunu ilə bağlı ictimaiyyətə əlavə məlumat
veriləcək”, – Teymur Mərdanoğlu vurğulayıb.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi
70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəm
qazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanada
ölüb. Beş uşaqdan üçünün müalicəsi hazırda xəstəxana şəraitində
davam etdirilir, üçünün vəziyyəti ağırdır.