
Bakı. Trend:
ABŞ-də benzinin orta qiyməti bir qallon (təxminən 3,8 litr) üçün
4,1 dolları ötərək tarixdə ikinci ən yüksək göstəriciyə çatıb.
Trend xəbər verir ki, bu
barədə ABŞ Avtomobil Assosiasiyası məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində benzin daha 2 sent
bahalaşaraq 4,104 dollara, dizelin qiyməti isə 5,58 dollara
yüksəlib. Kaliforniyada isə benzin orta hesabla 5,9 dollara
satılır.
Hazırda təxminən 20 ştatda qiymət 4 dollardan yuxarıdır. ABŞ
tarixində yalnız bir dəfə – 2022-ci ilin mayında bütün ştatlarda bu
hədd aşılmış, daha sonra iyun ayında qiymətlər 5 dolları keçərək
rekord səviyyəyə çatmışdı.
2008-ci ilin iyulunda neftin kəskin bahalaşması fonunda benzin
qiyməti 4,1 dolları bir qədər keçmişdi. Cari göstərici həmin
səviyyəni geridə qoyaraq tarixdə ikinci ən yüksək qiymət kimi qeydə
alınıb.
Benzin qiymətlərində artım Yaxın Şərqdəki gərginlik səbəbindən
bir çox ölkələrdə müşahidə olunur. Münaqişənin şiddətlənməsi
nəticəsində Hörmüz boğazı vasitəsilə gəmi daşımaları demək olar ki,
dayanıb. Halbuki bu marşrut dünya üzrə neft, neft məhsulları və
mayeləşdirilmiş qaz tədarükünün təxminən 20 faizini təşkil
edir.


