
Bakı. Trend:
Paytaxt sakinlərinin gündəlik həyatını asanlaşdırmaq və Bakı
şəhərini beynəlxalq tədbirə layiqincə hazırlamaq məqsədilə
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən
genişmiqyaslı təmir işləri uğurla icra olunur.
Bu barədə Trend-ə AAYDA-dan məlumat verilib.
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması,
eləcə də Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13)
hazırlıq çərçivəsində görülən işlər əvvəlcədən tərtib olunmuş
xüsusi plan əsasında icra edilir.
İlkin plana əsasən təmir prosesi 23–30 mart bayram günlərini
əhatə etməli idi. Lakin hava şəraitinin gözləniləndən daha
qeyri-sabit keçməsi müəyyən ləngimələrə səbəb olsa da, qısa müddət
ərzində təmir işlərinin başa çatıdırlması hədəflənir.
42 fərqli ünvanda intensiv işlər aparılmaqla ümumilikdə 151 849
kvadratmetr yol sahəsi yenilənəcək.
Gündüz və gecə fasiləsiz fəaliyyət göstərən işçi heyəti
sayəsində yollar daha hamar, təhlükəsiz və rahat vəziyyətə
gətirilir.
Həyata keçirilən bu tədbirlər paytaxtın yol infrastrukturunun
müasir tələblərə uyğunlaşdırılmasına, nəqliyyatın hərəkət
rahatlığının artırılmasına və şəhərin beynəlxalq tədbirə yüksək
səviyyədə hazır olmasına mühüm töhfə verir.


