Bakı–Quba yolunda “Bentley” aşdı (VİDEO)

Baş səhifə

Bakı.Trend:

“Bentley” markalı avtomobil Bakı–Quba yolunda hərəkətdə olarkən
sürücü idarəetməni itirib, avtomobil yolun kənarındakı dəmir
mühəccərlərə çırpılıb

Trend xəbər
verir ki, hadisə aprelin 1-də saat 06:00 radələrində baş verib.

Qəza nəticəsində sürücü xəsarət alıb.

İlkin ehtimala görə, hadisəyə səbəb nəqliyyat vasitəsinin yüksək
sürətlə idarə edilməsi olub.




Belə ki, idarəetmədən çıxan avtomobil dəfələrlə aşaraq təxminən
500 metr məsafədə sürüklənib.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin
Təhlükəsizliyinin Təbliği Şöbəsinin rəisi, polis polkovnik
leytenantı Rövşən Tağıyev Trend-ə açıqlamasında deyib ki, bu cür ağır hadisələr
zamanı təhlükəsizlik kəməri istifadə olmadıqda sürücü və ya
sərnişinlər zərbənin təsiri ilə ya avtomobildən kənara atılır, ya
nəqliyyat vasitəsinin altında qalır, ya da salon daxilində sükan,
şüşə və digər sərt hissələrə çırpılır ki, bu da əksər hallarda
ölümlə nəticələnir: “Məhz bu hadisədə isə təhlükəsizlik kəməri
qoruyucu rolu oynayaraq sürücünü oturacaqda sabit saxlayıb və onun
həyatını xilas edib.

Bu səbəbdən təhlükəsizlik kəmərindən istifadə etmək və bunu
nəqliyyat vasitəsində əyləşən hər kəsdən tələb etmək sadəcə qayda
deyil, bu, insanın öz həyatına, ailəsinə və yaxınlarına verdiyi
dəyərin göstəricisidir.

Bir daha sürücülərə və sərnişinlərə müraciət edirik ki, sükan
arxasına əyləşdiyiniz ilk andan etibarən təhlükəsizlik kəmərini
taxın. Qısa məsafə, aşağı sürət və ya “heç nə olmaz” düşüncəsi heç
kimi qaydalara riayət etməkdən uzaqlaşdırmasın.Çünki qaydalar insan
həyatını qorumaq üçün var”.