Elmi fəaliyyətin gələcəyini Prezident İlham Əliyevin konseptual fikirləri üzərində qurmalıyıq – UNEC rektoru

Baş səhifə

Bak. Trend

UNEC-də keçirilən “Elm Günləri”nin açılışında çıxış edən
universitetin rektoru, professor Ədalət Muradov ali təhsilin
gələcək inkişaf istiqamətləri, tədris və tədqiqat arasındakı
balans, həmçinin müasir universitet modelinin transformasiyası ilə
bağlı strateji baxışlarını bölüşüb:

“Bütövlükdə ali təhsil sistemi tarixi bir dönüş nöqtəsindədir.
Bu fikri universitetlərdə elmi fəaliyyətə də şamil etmək olar. Bu,
ilk növbədə, indiyə qədər tətbiq edilən elmin inkişafı modeli ilə
bağlıdır. Belə ki, elmin inkişafı artıq yalnız klassik tədqiqat
modelindən asılı deyil. Xüsusilə də Süni İntellekt (AI) bu prosesdə
oyun qaydalarını köklü dəyişdirən əhəmiyyətli rol oynayır.

Azərbaycanda elmi fəaliyyətin gələcəyini Prezident İlham
Əliyevin AMEA-nın 80 illiyində səsləndirdiyi konseptual fikirlər
üzərində qurmalıyıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır”.

Universitetin ali missiyası gələcəyin vətəndaşlarını və
liderlərini yetişdirməkdir. Tələbələrin böyük əksəriyyəti
universitetə məhz bu məqsədlə gəlir, lakin təəssüf ki, müasir
yanaşmada universitetin təməl fəaliyyəti olan tədris sanki ikinci
dərəcəli iş kimi qəbul olunur. Bu gün bir çox nüfuzlu ali təhsil
müəssisələrində, o cümlədən UNEC-də tətbiq olunan mükafatlandırma
sistemləri tədris fəaliyyətinə qarşı faktiki olaraq biganədir.
Mövcud sistem bəzən ən fədakar və peşəkar müəllimi belə yalnız
tədqiqat göstəricilərinə görə “uğursuz” kimi təqdim edir.

Bəzən bir müəllimin yaratdığı təsir, onlarla məqalənin yaratdığı
təsirdən daha böyük olur. Beləliklə, müasir universitet modelində
tədris və tədqiqat arasında balans sanki pozulur.




Gələcəyi formalaşdırmaq çox böyük və çox məsuliyyətli bir
missiyadır. Bu missiyanın mərkəzində müəllim dayanır və gələcəkdə
də belə olacaq. Cəmiyyətin transformasiyasının mərkəzində yenə də
universitet dayanır və gələcəkdə də universitet dayanacaq.

Yuxarıda deyilənlər o anlama gəlirmi ki, biz illərlə yanlış
şeyləri ölçmüşük, yanlış yanaşma tətbiq etmişik? Xeyr! Yanlış
şeyləri ölçməmişik! Yanlış yanaşma tətbiq etməmişik. Yanaşma
doğrudur!

Biz sadəcə tədqiqatlara diqqəti artırmışıq, amma eyni yanaşma
tədrisə tətbiq edilməyib. Tədqiqatçılara geniş dəstək verildiyi
halda müəllimlər bu dəstəkdən məhrum olublar. Tədris və tədqiqat
arasında balans bərpa edilməlidir. UNEC yaxın gələcəkdə bu yeni
yanaşmanı reallaşdıracaq və yeni model üzrə hazırlıqlar artıq
tamamlanmaq üzrədir.

Universitetlər ilkin olaraq təhsil müəssisəsi kimi yaradıldı,
sonradan bu missiyaya tədqiqat funksiyası, daha sonra isə
sahibkarlıq fəaliyyəti əlavə edildi. İndi isə bütövlükdə
universitetlərin cəmiyyət üçün faydalı iş görmək missiyası da əlavə
olunub. Bu, o deməkdirmi ki, eyni müəllim həm pedaqoq, həm
tədqiqatçı, həm sahibkar, həm də ictimai missiya daşıyıcısı
olmalıdır? Əlbəttə ki, yox! Bu tələb ayrı-ayrı müəllimlərə deyil,
bütövlükdə universitetə aid edilməlidir.

Bu isə universitetlərin yeni idarəetmə, akademik, maliyyə və
təşkilati modelini gündəmə gətirir. Bu baxımdan, mövcud vəziyyət
Prezident İlham Əliyevin hələ 13 il əvvəl “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda
müəyyən etdiyi “təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə
və təşkilati muxtariyyət verilməsi” vəzifəsinin aktuallığını və
cənab Prezidentin təhsil siyasətinin uzaqgörənliyini bir daha
təsdiqləyir.