TANAP və ABB texniki xidmət haqqında yeni saziş imzalayıb

Baş səhifə

Bakı.Trend:

“TANAP Natural Gas Transmission Co.” (TANAP) şirkəti ABB ilə
Xəzər regionunu Türkiyə üzərindən Avropa ilə birləşdirən iri enerji
infrastrukturunun tərkib hissəsi olan Trans – Anadolu qaz boru
kəmərinin (TANAP) texniki xidmətinə dair “ABB Care” adlı beşillik
servis sazişi imzalayıb.

Trend bu barədə
ABB-yə istinadən məlumat verir.

ABB elektrikləşdirmə və avtomatlaşdırma sahəsində qlobal
texnologiya lideridir və baş ofisi İsveçrənin Sürix şəhərində
yerləşir.

Saziş çərçivəsində ABB Türkiyə ərazisində yerləşən, uzunluğu 1
811,7 kilometr olan boru kəməri boyunca kritik əhəmiyyətli
idarəetmə sistemlərinin təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin
etməyə davam edəcək.

2025-ci ilin sentyabr ayında qüvvəyə minmiş yeni “ABB Care”
servis sazişi 2030-cu ilin sentyabr ayınadək qüvvədə olacaq.




“ABB artıq TANAP üzrə texniki xidmətləri ardıcıl üçillik ‘ABB
Care’ müqavilələri çərçivəsində təqdim edib. Yeni saziş möhkəm və
uzunmüddətli tərəfdaşlıq üçün əsas yaradır”, – deyə ABB-nin
Türkiyədəki “Energy Industries” bölməsinin rəhbəri Barış Ünver
bildirib.

Avtomatlaşdırma, elektrikləşdirmə və rəqəmsallaşdırma
sahələrində dərin bilik və təcrübəyə malik ABB mühəndisləri gün
ərzində obyekt üzərində çalışaraq proaktiv texniki xidmət, qabaqcıl
kibertəhlükəsizlik həlləri və sistemin bütün həyat dövrü boyunca
modernləşdirməni təmin edəcək. Bu isə boru kəmərinin yüksək
əməliyyat səmərəliliyinin qorunmasına xidmət edəcək.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin ən böyük seqmenti olan TANAP,
Azərbaycanın “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi
çərçivəsində hasil olunan qazı Gürcüstan-Türkiyə sərhədindən
Türkiyənin qərb sərhədinədək nəql edir.

Qaz kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard
kubmetr qaz təşkil edir. Bunun təxminən 6 milyard kubmetri
Türkiyəyə verilir, qalan hissə isə Transadriatik qaz kəməri (TAP)
vasitəsilə Avropaya yönəldilir. 2025-ci ildə TANAP vasitəsilə
Türkiyəyə 5,6 milyard kubmetr qaz ixrac olunub.

TANAP sisteminin gözlənilən istismar müddəti 2062-ci ilə qədər
nəzərdə tutulub.