
Yanğınsöndürənlər Küveyt Beynəlxalq Hava Limanının ərazisindəki yanacaq çənlərində baş verən yanğını söndürüblər.
“Report” xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, yanğın nəticəsində yaralanan yoxdur, lakin infrastruktura maddi ziyan dəyib.
Əmirliyin Müdafiə Nazirliyinin məlumatına görə, Küveyt Silahlı Qüvvələri son sutka ərzində İranın üç qanadlı raketini və 15 pilotsuz uçuş aparatını zərərsizləşdirib. Nazirliyin bəyanatından məlum olub ki, zərərsizləşdirilmiş mərmilərin qalıqları hava limanının yanacaq çəninə, eləcə də yaşayış binasına düşüb, lakin tələfat olmayıb.
Küveyt Beynəlxalq Hava Limanı aprelin 1-də İranın pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb, nəticədə yanacaq çənlərində güclü yanğın baş verib.
“Report” xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-ləri Küveyt Mülki Aviasiya Baş İdarəsinin rəsmi nümayəndəsi Abdulla Əl-Raciyə istinadən məlumat yayıb.
“Hücumun hədəfi yanacaq çənləri olub. Bu da hadisə yerində böyük yanğına səbəb olub, ölən olmayıb”, – o bildirib.
Britaniya Dənizçilik Agentliyindən qeyd olunub ki, Fars körfəzində Doha (Qətər) sahillərində neft tankerinə hücum edilib.
Qurumun məlumatına görə, gəminin gövdəsi sol tərəfdən zədələnib. Ekipaj xəsarət almayıb.
Qeyd olunub ki, neft sızması qeydə alınmayıb. Hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır.


