
Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 1-də
Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel ilə
görüşüb.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə
Şimali Kipr Türk Cümhuriyyəti arasında bir sıra sahələrdə
əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə
olunub.
Bildirilib ki, yüksək səviyyəli qarşılıqlı səfərlərin
intensivliyi, parlamentlərarası və siyasi partiyalar xətti ilə
əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib.
Humanitar sahədə, xüsusilə mədəniyyət və turizm istiqamətlərində
əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub.
Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın önəmi
vurğulanaraq, Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi
statusunda təşkilatın fəaliyyətinə verdiyi töhfələr qeyd
edilib.
Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin
Hökumət Başçılarının/Vitse-Prezidentinin Görüşünün əhəmiyyətinə
toxunulub.
Tədbirin TDT çərçivəsində hökumətlərarası koordinasiyanın
gücləndirilməsi və dövlət başçıları tərəfindən müəyyən edilmiş
prioritet sahələr üzrə ortaq gündəliyin daha səmərəli şəkildə irəli
aparılması baxımından önəmi vurğulanıb.


