Azərbaycan və Misir enerji əməkdaşlığını gücləndirir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Misirin Dövlət Neft
Korporasiyası (EGPC) arasında əməkdaşlığın əsas istiqamətlərini
müəyyən edən çərçivə müqaviləsi imzalanıb.

Trend bu barədə SOCAR-a
istinadən xəbər verir.

Məlumata görə, imzalanma mərasimi Azərbaycan Dövlət Neft
Şirkətinin (SOCAR) nümayəndə heyətinin 9-cu Misir Beynəlxalq Enerji
Konfransı və Sərgisində (EGYPS 2026) iştirakı çərçivəsində baş
tutub.




Bildirilib ki, snəd tərəflər arasında neft-qaz sektorunun əsas
istiqamətləri üzrə uzunmüddətli, davamlı və çoxşaxəli əməkdaşlığı
nəzərdə tutur.

Tədbir çərçivəsində enerji təhlükəsizliyi, dayanıqlı inkişaf,
bərpaolunan enerji mənbələri və müasir texnologiyaların tətbiqi
kimi aktual məsələlər müzakirə olunur.

SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov “EGYPS
2026” çərçivəsində “Qlobal ticarət axınlarının yenidən
formalaşdırılması” mövzusunda təşkil olunan panel müzakirələrində
çıxış edib. Vitaliy Bəylərbəyov çıxışında Azərbaycanın Avropanın
enerji təhlükəsizliyində oynadığı mühüm roldan, bu xüsusda
ölkəmizin təşəbbüsü ilə icra olunan enerji layihələrinin, o
cümlədən Cənub Qaz Dəhlizinin əhəmiyyətindən bəhs edib. Cənub Qaz
Dəhlizinin əsas seqmentlərindən olan Trans-Adriatik Boru Kəmərinin
2020-ci ilin dekabrında tam istismara verildiyini xatırladan
vitse-prezidentin müavini bu gün Azərbaycan qazının 10-u Avropa
İttifaqının üzvü olmaqla ümumilikdə 16 ölkəyə tədarük olunduğunu
bildirib. 2025-ci ildə Avropa istehlakçılarına təxminən 13 milyard
kubmetr Azərbaycan qazı çatdırılıb ki, bu da 2021-ci il ilə
müqayisədə təxminən 60% artım deməkdir.