Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası yaxın günlərdə tam fəaliyyətə başlayacaq

Baş səhifə

Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası yaxın günlərdə tam fəaliyyətə başlayacaq.

“Report” xəbər verir ki, bunu Əziz Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov klinikanın açılışında jurnalistlərə açıqlamasında deyib.

N.Pənahov qeyd edib ki, klinikinanın yaradılması Azərbaycan tibb tarixində önəmli hadisədir:

“Klinika həm tibbi xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq, həm də ixtisaslı kadrların hazırlanmasına güclü töhfə verəcək. Klinikanın yaradılması ölkədə plastik və rekonstruktiv cərrahiyyəyə artan tələbatdan irəli gəlir. Travmalar, yanıqlar, onkoloji əməliyyatlardan sonra bərpa ehtiyacının çoxalması və estetik cərrahiyyəyə marağın yüksəlməsi belə ixtisaslaşmış mərkəzin yaradılmasını zəruri edib. Yeni klinika vətəndaşların müalicə üçün xarici ölkələrə getməsinin qarşısını alacaq və beynəlxalq standartlara uyğun tibbi xidməti ölkə daxilində təmin edəcək”.

O həmçinin əlavə edib ki, klinikada ən son texnologiyalardan istifadə edilir.

Qeyd edək ki, bu gün adıçəkilən klinikanın açılışı olub. Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni klinika ölkə vətəndaşlarına beynəlxalq standartlara uyğun rekonstruktiv və estetik cərrahiyyə xidmətləri göstərəcək.

Belə ki, klinikada rekonstruktiv, estetik və mikrocərrahiyyə əməliyyatları, yanıq və postyanıq rekonstruksiyası, onkoplastik və travma sonrası bərpa cərrahiyyəsi, kraniofasial və əl cərrahiyyəsi, dəri və yumşaq toxuma defektlərinin örtülməsi, süd vəzisi və üz rekonstruksiyası, rinoplastika, blefaroplastika, mammoplastika, liposaksiya, abdominoplastika, üz gərmə kimi estetik əməliyyatlar icra olunacaq.

Klinika yüksək ixtisaslı plastik cərrahlar, anestezioloq-reanimatoloqlar, reabilitoloqlar, psixoloqlar və beynəlxalq təlim keçmiş mütəxəssislər fəaliyyət göstərəcək. Gənc həkim-mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetiriləcək.

Müasir əməliyyatxanalar, mikrocərrahiyyə avadanlıqları, lazer və endoskopik sistemlər, 3D planlama və görüntüləmə texnologiyaları, reanimasiya və intensiv terapiya avadanlıqları klinikanın texniki bazasını təşkil edir.