
Bakı. Trend:
Apreldə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin
beş illik səlahiyyət müddəti bitir.
Trend-in
məlumatına görə, Azərbaycanda bütün seçki komissiyalarının
səlahiyyət müddəti 5 ildir.
Mərkəzi Seçki Komissiyasının üzvləri sonuncu dəfə Milli Məclisin
2021-ci il aprelin 27-də keçirilən plenar
iclasında seçiliblər.
Apreldə Milli Məclisdə MSK-nın tərkibinin yenidən
formalaşdırılacağı gözlənilir.
Məlumat üçün bildirək ki, Mərkəzi Seçki Komissiyası
18 üzvdən ibarətdir və onlar Milli Məclis
tərəfindən seçilir.
MSK-nın 6 üzvü deputatları Milli Məclisdə
çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi
partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub
olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən
deputatları, 6 üzvü deputatları Milli Məclisdə
azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi
partiyaları təmsil edir.
Müstəqil deputatları MSK-da namizədlikləri onlar tərəfindən
irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda
olaraq hüquqşünaslar təmsil edirlər.
2 namizəd maraqlı tərəflərlə – bir namizəd
Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri
ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən
siyasi partiyaların nümayəndələri ilə razılaşdırılır.
MSK onun həlledici səs hüquqlu üzvlərinin təyin edildiyi gündən
ən geci 5 gün ərzində birinci iclasına
toplaşır.
MSK-nın sədr, sədr müavini və iki katibi seçki komissiyasının
birinci iclasında açıq səsvermə yolu ilə seçilirlər. Seçki
komissiyasının sədri seçilənədək onun birinci iclasında və ya sədr
olmadıqda iclasa yaşı daha çox olan üzv sədrlik edir. Seçki
komissiyasının sədri Milli Məclisdə deputatları çoxluq təşkil edən
siyasi partiyanı, katiblərin hər biri isə Milli Məclisdə
deputatları azlıq təşkil edən siyasi partiyaları və müstəqil
deputatları təmsil edirlər.


