Dünya səyyahları Laçına gəliblər

Baş səhifə

Bakı. Trend:

“NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük
Britaniya vətəndaşı Harri Mitsidisin başçılığı ilə dünya
səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfərinin növbəti ünvanı
Laçın şəhəri olub.

Trend xəbər verir
ki, Laçın səfəri zamanı səyyahların “Yurd Qalareyası”, həmçinin
“Gilabi Ceramics” mərkəzi ilə və yerli sakinlər tərəfindən
hazırlanan əl işləri ilə tanış olacaqlar. Səfər çərçivəsində şəhər
turu və burada yaradılan şərait, bərpa-quruculuq işləri ilə
tanışlıq da nəzərdə tutulub.

2 günlük səfər çərçivəsində budəfəki heyətə 37 ölkədən 79 nəfər
daxildir. Bu isə sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər
edən dünya səyyahlarının ən böyük qrupudur.

“NomadMania” Yer Kürəsini 1301 bölgəyə ayıraraq reytinq cədvəli
müəyyən edir. Mitsidis bu 1301 bölgənin hamısında artıqlaması ilə
olmaqla, hazırda dünya üzrə I yerdə qərarlaşıb. “NomadMania” illik
toplantısını da ilk dəfə Azərbaycanda keçirib.

Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism”
çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa
işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.

Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə
Qarabağ və Şərqi Zəngəzura 15 dəfə dünya səyyahlarının səfərləri
təşkil edilib. Bu, sayca 16-cı səfərdir.

Müxbir-Aydın Yavərzadə