İran və ABŞ arasında heç bir danışıqlar aparılmır – Bəqai

Baş səhifə

Bakı. Trend:

İran və ABŞ arasında hal-hazırda heç bir danışıqlar getmir.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu İranın XİN rəsmisi İsmayıl Bəqai
“India Today” telekanalına müsahibəsində bildirib.

“İran və Birləşmiş Ştatlar arasında heç bir danışıqlar və ya
məsləhətləşmələr aparılmır. Onların (İsrail və ABŞ-nin) İrana qarşı
başlatdığı qanunsuz müharibədən bəri, son 25 gün ərzində
ümumiyyətlə olmayıb”, -Bəqai bildirib.

O vurğulayıb ki, İran artıq iki dəfə Amerika diplomatiyası ilə
əlaqələrin xoşagəlməz təcrübəsi ilə üzləşməli olub.

“Cəmi doqquz aylıq fasilə ilə iki dəfə məhz nüvə probleminin
tənzimlənməsi üzrə danışıqlar prosesinin ən qızğın mərhələsində
hücuma məruz qaldıq. Beləliklə, bu, diplomatiyaya xəyanət oldu. Bu
gün İranda bu ifadə artıq dillər əzbərinə çevrilib, çünki bu cür
hadisə bir deyil, düz iki dəfə baş verib. Buna görə də heç kim
ABŞ-nin diplomatiyasına etibar edə bilməz”, – deyə o qeyd edib.




Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş
Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı
Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali
Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə
naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli
Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının
komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları
zamanı ölüblər.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.