
Bakı.Trend:
Ramazan və Novruz bayramları ilə əlaqədar ardıcıl bir neçə
qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini,
əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park
edirlər.
Müşahidələrə, habelə həyata keçirilən yanğın-xilasetmə
əməliyyatlarının ümumi təhlilinə əsasən təəssüflə qeyd edilməlidir
ki, bir sıra hallarda pərakəndə şəkildə, binaların girişlərində və
həyətlərində, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına
qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında nizamsız
park edilmiş avtomobillər fövqəladə hadisə zamanı yanğınsöndürmə,
xilasetmə və digər iriqabaritli xüsusi təyinatlı nəqliyyat
vasitələrinin operativ hərəkətinə və çevik döyüş vəziyyətinə
gətirilməsinə maneə yaradır, habelə yanğınların söndürülməsi zamanı
su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir,
bəzi hallarda isə mümkünsüz edir.
Trend xəbər
verir ki, bu barədə Fövqəladə hallar Nazirliyinin (FHN) Bayram
günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə
müraciətində deyilir.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bayram
günlərində şəxsi avtomobillərin kütləvi parklanması ilə bağlı
yarana biləcək mümkün təhlükələri nəzərə alaraq, vətəndaşlara
müraciət edərək bildirir ki, yanğın və digər fövqəladə hadisələr
zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin, digər
iriqabaritli xüsusi təyinatlı texnikaların binalara maneəsiz
yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və
əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və
hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş
yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər
avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park
edilməlidir.


