Aqrar sığorta zərfinə yeni bitkilər əlavə ediləcək

Baş səhifə

Bakı. Trend:

Aqrar Sığorta Fondu ilk fəaliyyətə başlayanda 14 bitki növünü
sığorta edirdi, indi (2026-cı ildə) 41 növ bitkini sığortalayır və
hazırda yeni layihə üzərində işlər aparılır.

Bunu Trend-ə
açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri
Rəvan Səmədli deyib.

“Layihəyə əsasən sığortalanan bitki növlərinin sayını 59-a
qaldırmağı planlaşdırırıq. Bu planlar fermerlərin Fonda olan
müraciətlərinə əsaslanır. Daha 18 bitkinin sığorta zərfinə
salınması gözlənilir, buraya həm tərəvəzçilik, həm meyvəçilik
istiqamətindəki bitkilər aiddir. Nümunə olaraq xiyar, badımcan,
bibər, həmçinin püstə, innab, feyxoa kimi bitkiləri qeyd edə
bilərəm”, – o bildirib.




Sədr müşaviri qeyd edib ki, gələcəkdə quraqlıq riski də
sığortalana bilər: “Quraqlıq böyük bir riskdir, onun təminata
götürülməsi ciddi araşdırma tələb edir. Misal üçün, Türkiyənin
TARSİM modeli 2006-cı ildə fəaliyyətə başlayıb, quraqlıq riski isə
yalnız 2019-cu ildə — 13 il sonra təminata alınıb. Biz isə 6-cı
ildir fəaliyyətə başlamışıq və artıq quraqlıq riskini təminata
almağa çalışırıq. Əsas məqsədimiz fermerlərin yanında olmaq,
onların gəlirlərini qorumaqdır”.

R. Səmədli əlavə edib ki, Aqrar Sığorta Fondu tərəfindən 2020-ci
ildən, yəni fəaliyyətə başladığı müddətdən indiyədək zərər çəkmiş
fermer və təsərrüfatlara təkcə bitkiçilik sahəsində 22 milyon
manatdan çox ödəniş edilib. O qeyd edib ki, təkcə 2025-ci ildə
zərərlə üzləşən fermerlərə 8.8 milyon manat ödəniş aparılıb.