IDEA İctimai Birliyi və “Reza Visual Academy” uşaqlar üçün “FotoBax” milli fotomüsabiqəsinə start verir

Baş səhifə

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyevanın himayəsi və “Reza Visual
Academy” assosiasiyasının təsisçisi, beynəlxalq miqyasda tanınmış
fotoqraf Reza Deqatinin təşəbbüsü ilə həyata keçirilən “Children’s
Eyes on Earth” (“Yer Kürəsi Uşaqların Gözü ilə”) beynəlxalq
fotoqrafiya layihəsi çərçivəsində Azərbaycanda “FotoBax” adlı milli
foto müsabiqəsinə start verilir.

Bu barədə Trend-ə IDEA İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil
olunan müsabiqə “Təbiəti sevirəm – Azərbaycan” mövzusuna həsr
olunur. Müsabiqə 2026-cı il martın 23-dən rəsmi olaraq başlayır və
müraciətlərin qəbulu sentyabrın 21-dək davam edəcək.

Qeyd edək ki, 18 yaşadək uşaq və yeniyetmələr üçün nəzərdə
tutulan müsabiqə yaz və yay mövsümlərini əhatə edəcək. İştirakçılar
Azərbaycanın zəngin təbiətini, o cümlədən meşələrini, çay və
göllərini, flora və faunasını öz obyektivləri vasitəsilə əks
etdirməyə dəvət olunurlar.

Müsabiqənin məqsədi gənc fotoqrafları dəstəkləmək, onlar üçün
yaradıcılıq imkanları yaratmaq və eyni zamanda uşaq və yeniyetmələr
arasında ekoloji maarifləndirməni gücləndirməkdir. Müsabiqə
vasitəsilə uşaqlar təbiətə münasibətlərini, eləcə də ətraf mühitin
qorunmasının vacibliyinə dair baxışlarını fotoqrafiya dili ilə
ifadə etmək imkanı əldə edəcəklər.

IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə icra olunan “Children’s
Eyes on Earth” təşəbbüsü Reza Deqati tərəfindən həyata keçirilir və
uşaqların ətraf mühitə baxışını fotoqrafiya vasitəsilə nümayiş
etdirməyi hədəfləyir. Beynəlxalq səviyyədə keçirilən layihə
indiyədək 100-dən çox ölkədən 7000-dən artıq fotoşəkili bir araya
gətirib.

Müsabiqədə iştirak qaydaları, şəkillərin göndərilməsi və daha
ətraflı məlumat əldə etmək üçün www.fotobax.az rəsmi internet
səhifəsinə müraciət edə bilərsiniz.