İnformasiya və rabitə sektoruna investisiyalar iki dəfədən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və
rabitə sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların
dəyəri 106,1 milyon manat təşkil edib.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 2,1 dəfə çoxdur.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların
yekunda xüsusi çəkisi 4,4%-ə bərabər olub.




Qeyd edək ki, 2026-cı ilin yanvar-fevral aylarında ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə
mənbələrindən əsas kapitala 2 milyard 436,4 milyon manat və ya
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,4 faiz
çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş
investisiyaların həcmi 51,4 faiz, qeyri neft-qaz sektoruna
yönəldilmiş investisiyaların həcmi isə 5,1 faiz çox olub.

Ümumi sərmayənin 1 milyard 434,0 milyon manatı və ya 58,9 faizi
məhsul istehsalı sahələrinin, 794,7 milyon manatı (32,6 faizi)
xidmət sahələrinin, 207,7 milyon manatı (8,5 faizi) isə yaşayış
evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 28,9 faizi
dövlət, 71,1 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən
qoyulub.

Sərmayə qoyuluşunun 53,3 faizi tikinti-quraşdırma işlərinə sərf
edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın
dəyəri ümumi sərmayənin 73,1 faizini təşkil edib.