Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Baş səhifə

Bakı.Trend:

Gündəlik olaraq on minlərlə vətəndaşın eyni saatlarda şəhər
mərkəzinə doğru və ya yarımadanın fərqli tərəflərinə hərəkət etməsi
əsas magistral yollarda ciddi sıxlıq yaradır. Hazırda ətrafdan,
xüsusilə də M4, M1, M3 – Ələt və ümumilikdə Bakıətrafı yollardan
gələn, lakin əslində şəhər mərkəzinə daxil olmaq istəməyən
sürücülər alternativ dəhlizlər olmadığı üçün məcburi tranzit olaraq
mərkəzə daxil olmalı, yəni şəhərin əsas yollarından istifadə etməli
olurlar.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
(AYNA) məlumat verilib.

Bildirilib ki, mövcud yollar artıq tələbatı ödəyə bilmədiyi üçün
sürücülər məcburiyyət qarşısında onsuz da həddindən artıq yüklənmiş
mərkəzi arteriyalardan istifadə edirlər.

Dövlət Proqramında nəzərdə tutulan layihələrin əsas
hədəflərindən biri də yol hərəkəti iştirakçılarının şəhər mərkəzinə
və sıxlıq olan yollara daxil olmadan istədikləri istiqamətə rahat
və fasiləsiz hərəkətini təmin etməkdir. Məhz bu məqsədlə hazırda 3
yeni irimiqyaslı strateji yolun inşası planlaşdırılıb.

Birinci vacib layihə Bilgəh–Novxanı–Xırdalan–M4 avtomobil
yoludur. Bu nəhəng infrastruktur layihəsi Abşeron yarımadasının
şimal-şərqindəki yaşayış məntəqələrini Bakı şəhərinə daxil olmadan
birbaşa şimal istiqaməti və Bakı-Şamaxı-Yevlax magistralı ilə
birləşdirəcək. Beləliklə, şimal və qərb zonası ilə daha səmərəli
nəqliyyat əlaqəsi qurulacaq.

İkinci mühüm layihə Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən
dairəvi avtomobil yoludur. Bu yol yarımadanın şərqindəki Sabunçu
rayonu ilə qərbdəki Sulutəpə qəsəbəsi arasında birbaşa və sürətli
nəqliyyat əlaqəsi yaradacaq. Sabunçu, Zabrat, Kürdəxanı, Sulutəpə
və Binəqədi ərazilərində əhalinin sürətlə artdığı bir dövrdə bu yol
yeni alternativ marşrut rolunu oynayacaq. Nəticədə nəqliyyat axını
mərkəzi yollara daxil olmadan yönləndiriləcək və şəhərdaxili
tıxaclar əhəmiyyətli dərəcədə azalacaq.

Üçüncü istiqamət isə Bakı Dairəvi−1 avtomobil yolu ilə Ziya
Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yoludur.
Məlumdur ki, hazırda Dairəvi-1 avtomobil yolu natamam olduğu üçün
M1 yoluna, yəni Bakı-Sumqayıt şosesinə əlavə böyük yük düşür. Bu
birbaşa bağlantı sayəsində şəhərin əsas nəqliyyat arteriyalarının
inteqrasiyası güclənəcək. Xırdalan və Sumqayıt istiqamətindən gələn
nəqliyyat axını “20 Yanvar” dairəsinə daxil olmadan birbaşa
metronun “Koroğlu” stansiyası istiqamətinə hərəkət edə biləcək. Bu
da həm mərkəzi yolların, həm də Ziya Bünyadov prospekti üzərindəki
nəqliyyat yükünü azaltmağa kömək edəcək.




Bu layihələrin vətəndaşlara qazandıracağı rahatlığı real
nümunələr üzərindən göstərək:

Məsələn, Respublikanın şəhər və rayonlarından, xüsusilə də
Müşfiqabad, 28 May qəsəbələrindən Bilgəh istiqamətinə getmək
istəyən sürücülər Bilgəh–Novxanı–Xırdalan–M4 avtomobil yolundan
istifadə etməklə şəhərə daxil olmadan bu səfəri yerinə yetirə
biləcəklər.

Sulutəpədən Aeroport şosesinə çıxmaq istəyənlər isə Sabunçu və
Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolunu seçərək
tıxaca düşmədən, maneəsiz şəkildə hərəkət edəcəklər.

Yaxud, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” və “Sədərək”
ticarət mərkəzlərindən Binə qəsəbəsi, metronun “Koroğlu” və ya
“Əhmədli” stansiyaları istiqamətinə və ya əksinə getmək istəyən
vətəndaşlar layihə çərçivəsində tamamlanacaq Bakı Dairəvi−1
avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi
avtomobil yolundan istifadə edərək şəhər mərkəzini yükləmədən,
birbaşa və kəsintisiz şəkildə mənzilbaşına çatacaqlar.

Artıq Bilgəh–M4 avtomobil yolunun inşası aparılır, 2027-ci ildə
isə bu magistralın istifadəyə verilməsi planlaşdırılır. Bu yolun
ümumi uzunluğu təxminən 29 kilometr təşkil edəcək və 6 zolaqlı
olacaq.

Dövlət Proqramında nəzərdə tutulan bu 3 layihə vətəndaşların
ümumi şəhər yollarına daxil olmadan və mərkəzi küçələrdən istifadə
etmədən istədikləri istiqamətə rahat gediş-gəlişini təmin edəcək.
Bu layihələrin yekunlaşması ilə şəhərin mərkəzinin və əsas
magistralların yükü kəskin şəkildə azalacaq.