
Modern.az saytının “Tarixdə iz qoyanlar” rubrikasında növbəti yazını təqdim edirik.
Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınır. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.
Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.
Təxminən 140 il əvvəl Bakıda İçərişəhərin dəniz tərəfində Məşədi Məlik Mansurov adlı bir kişi yaşayırdı. Məşədi Məlik musiqi vurğunu idi. Axşamlar onun evinin pəncərələrindən muğamatın və xalq mahnılarının şirin sədaları ətrafa yayılır, yolçuları ayaq saxlamağa məcbur edirdi. Köhnə Bakıda hamı bilirdi ki, Məşədi Məlikin evində musiqi gecələri təşkil olunur. Təkcə Bakıdan deyil, Azərbaycanın başqa rayonlarından da ən yaxşı xanəndələr, çalğıçılar, muğamat ustaları bu evə axışar, burada öz məharətlərini nümayiş etdirərdilər. Məşədi Məlik qonaqpərvər bir şəxs olduğundan Qarabağdan, Şamaxıdan, eləcə də İrandan bakıya gələn musiqiçilər aylarla onun hər cür şəraiti olan evində dincələrdilər. Məşədi Məlikin ailəsində sədəfli tarın xüsusi hörməti vardı. Məlikin özü də, oğlanları Süleyman və Mirzə Mansur da çox gözəl tar çalırdılar. Mansurovlar ailəsinin bu gözəl ənənəsini davam etdirənlərdən biri də Məşədi Süleymanın oğlu, gələcəyin xalq artisti, istedadlı tarzən Bəhram Mansurov idi.
Belə bir nəsildə böyüyən Bəhram Mansurov hələ kiçik yaşlarından tara meyl etmiş, özünün xatırladığına görə atası evdə olmayanda bu qədim musiqi alətini “dindirməyə” başlamışdı. O vaxtlar evə qayıdan Məşədi Süleyman tarın kökdən düşdüyünü hiss edər və oğluna “sən musiqiçilər nəslindənsən, birdən çalacaqsan”- deyərmiş. Ata yanılmamışdı. Doğrudan da kiçik Bəhram 8 yaşında artıq sərbəst çalmağa başlamışdı.
18 yaşına çatdıqda istedadlı gəncin ifaçılıq qabiliyyəti diqqəti cəlb edir. O, Dövlət Xalq Çalğı alətləri orkestrinə dəvət edilir. Burada yeni əsərlərin ifasını öyrənməklə yanaşı, bir çox görkəmli sənət adamları ilə tanış olur. Gənc tarzən, həmçinin, filarmoniyada çalışır, məşhur xanəndələrdən Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Hüseynqulu Sarabskini, Yavər, Münəvvər və Haşım Kələntərliləri, Zülfü Adıgözəlovu və başqalarını müşayiət edirdi. Bəhram Mansurov zəngin muğamlarımızın gözəl bilicisi kimi məşhur olur. 1932-ci ildən M.F.Axundov adına Dövlət Akademik Opera və Balet Teatrında çalışmağa başlayan sənətkar ömrünün 40 ilini burada keçirmişdir. B.Mansurov uzun illər “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl” və başqa operalarda bir çox korifey sənətkarları müşayiət etmişdir.
Bəhram Mansurov tar çalanda ona qulaq asan hər kəs bu tarzənin orijinal üslubuna, vurduğu xallara heyran qalmaya bilməzdi. Onun özünəməxsus yaradıcılıq siması dərhal nəzərə çarpırdı. Bəhram Mansurovun çalğısını başqaları ilə qarışıq salmaq mümkün deyildi. Onun xalları, ifaçılıq üslubu dərhal özünü tanıdırdı. Dahi bəstəkar Fikrət Əmirov dostu Bəhram Mansurov haqqında deyirdi ki, “Bəhramın əsl mənada öz mizrabı, öz sarı simi və özünə məxsus olan güclü biləyi var”.
Bəhram simə bircə mizrabı da yersiz vurmurdu. Onun vurduğu hər xal muğamın dərin mənasını açmağa kömək edirdi. O, tarı elə dilləndirirdi ki, simlərdən qopan xoş, məlahətli səslər ruhu oxşayırdı. Bəhram Mansurov istedadlkı solist olmaqla yanaşı, həm də xanəndələri müşayiət edən gözəl tarzən idi.
Bəhram Mansurov öz xalqının musiqi folklorunu dərindən bilən bir sənətkar idi. O, tarın texniki imkanlarını heç vaxt ön plana çəkmirdi. Onun əsas məqsədi simlərdən qopan ecazkar səslərlə dinləyici qəlbinin ən zərif tellərini yerindən oynatmaq, ən incə hisslərinə toxunmaq idi. Məhz buna görə də Bəhram Mansurovun ifası ilk mizrabdan dinləyicini özünə məftun edirdi.
Məqalənin əvvəlində qeyd etmişdik ki, təxminən 140 il əvvəl Məşədi Məlik Mansurovun evində musiqi gecələri təşkil edilirdi. Sonralar bu gözəl ənənəni Məşədi Məlikin nəvəsi Bəhram Mansurov da davam etdirirdi. Tarzənin şəhərin mərkəzindəki mənzili xanəndələrin, musiqi xadimlərinin üzünə açıq idi. Muğamat həvəskarları, qocaman və gənc xanəndələr, çalğıçılar tez-tez Bəhram Mansurovun mənzilinə toplaşıb, sənət aləmindən söz salır, öz məharətlərini nümayiş etdirirdilər. Tarzənin mənzili bir növ Azərbaycan musiqisinin muzeyini xatırladırdı.
Bəhram həm də mərhəmətli, kasıblara əl tutan bir insan olub. 1941-1945-ci illər müharibəsinin odlu-alovlu günlərində, aclıq və qıtlığın tüğyan etdiyi bir dövrdə Bəhramı tar çalması üçün toy məclisinə dəvət edirlər. Gözünün ağı-qarası bircə oğlunu vətənin müdafiəsinə yola salmağa hazırlaşan ev sahibi çətinliklə də olsa süfrə açır. Amma məclisin əsas bəzəyi tarzən Bəhram idi. Axşam məclis dağılanda ev sahibi təzəcə təndirdən çıxmış, dəsmala bükülü üç ədəd çörəyi ona uzadır. Bəhram etiraz etsə də, ev sahibi səmimiyyətlə:
– Oğul, əlimi geri qaytarma, bu sənin sənətindir, bərəkətə dönüb evinə qayıdar. Adam əkdiyini biçər,- deyir.
Geri dönərkən yolda Bəhram Məhzun adlı tanışı ilə rastlaşır. Aclığın, qəhətliyin imtahana çəkdiyi bu şikəst insanın almacıq sümükləri qabarıb üzə çıxmış yanaqları, çuxura batmış gözləri, yamaqları da süzülmüş əsgiyə bənzəyən paltosu gənc Bəhramın ürəyini sızıldadır. Söhbət əsnasında Məhzun şikəstliyi səbəbindən müharibəyə gedə bilmədiyini, körpələrinin evdə aclıqla mübarizə apardığını söyləyir.
Tarzən tələsik paltosunun yaxasından bükülü dəsmalı çıxarıb çörəklərin ikisini ona verir. Məhzun etiraz etsə də, Bəhram tez oradan uzaqlaşır. İllər keçir. 1982-ci ildə Bəhram Mansurovun oğlu bəstəkar Eldar Mansurov şəxsi işi ilə əlaqədar idarələrdən birinə gedir. Eldarı qəbul edən vəzifəli şəxs təsadüfən onun Bəhramın oğlu olduğunu biləndə qulaqlarına inanmır. Rəis hadisədən xəbərsiz olan musiqişünas Eldara qırx il əvvəl baş vemiş əhvalatı danışmağa başlayanda gənc Eldar rəisin Məhzunun oğlu olduğunu öyrənir. Gözlərindən iki damla yaş süzülüb axan rəis:
– Sən heç bilirsənmi kimsən? Vaxtilə bizim ailəni ölümdən xilas edən bir kişinin oğlusan! Sənin atanın verdiyi çörəklər bizi təkcə aclıqdan xilas etmədi, işığa dönüb taleyimizdə yandı. Düz iki gün sonra işlərimiz də, həyatımız da düzəlməyə başladı. Bu gün nə mən, nə də qardaşlarım çörəklə, pulla o yaxşılığın əvəzini çıxa bilməzdik.
S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Bəhram Mansurovun zəngin arxiv fondu mühafizə edilir. Bəhram Mansurovun musiqi arxivində keçmiş dövrün görkəmli xanəndələrinin və çalğıçılarının şəkilləri ilə bərabər, babası Məşədi Məlik, atası Məşədi Süleyman, böyük qardaşı Məlik və digər yaxın qohumlarının nadir fotoşəkilləri də saxlanılır.
B.Mansurovun ifası şərq musiqisi mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmişdir. YUNESKO yanında Beynəlxalq Müqayisəli Musiqişünaslıq İnstitutu 1967-ci ildə onun ifasında musiqi əsərləri yazılmış qrammafon valları buraxmışdır. 1978-1983-cü illərdə isə B.Mansurovun ifasında bütün Azərbaycan muğamları YUNESKO xətti ilə vala və CD-lərə yazılaraq bütün dünyaya yayılmışdır.
Bəhram Mansurovun adı musiqi incəsənəti tariximizdə həm gözəl tar ifaçısı, həm də muğamlarımızın mahir bilicisi kimi qalacaqdır.
Xatirə Qədirova
S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivinin şöbə müdiri


