Pakistan səfirliyində dövlət bayrağının qaldırılması üzrə təntənəli mərasim keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda Pakistan səfirliyində Pakistan Günü münasibətilə
dövlət bayrağının qaldırılması üzrə təntənəli mərasim
keçirilib.

Trend xəbər verir
ki, bayrağı Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin
tərəfindən qaldırılıb. Tədbirin gedişində Pakistan Prezidenti Asif
Əli Zərdari və Baş naziri Şahbaz Şərifin yazılı müraciətləri
oxunub.

Çıxış edən səfir Pakistanın Cammu və Kəşmir məsələsində
Azərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini
vurğulayıb.




“Cammu və Kəşmir məsələsində bizə həmrəylik göstərdiyinə görə
Azərbaycana minnətdarıq. Ötən ilin hadisələri bir daha açıq şəkildə
göstərdi ki, Cammu və Kəşmir məsələsi BMT Təhlükəsizlik Şurasının
qətnamələrinə uyğun şəkildə nizamlanmadıqca, Cənubi Asiyada sülh
mümkün olmayacaq”, – deyə səfir qeyd edib.

O, həmçinin dəyişməz diplomatik və mənəvi dəstəyinə görə
Azərbaycana təşəkkürünü bildirib.

“Əfqanıstandakı münaqişə və onun nəticələri hamımıza təsir edir.
Pakistan və onun rəhbərliyi öz növbəsində vəziyyətin tezliklə
deeskalasiyası və nizamlanması üçün bütün mümkün tədbirləri görməyə
davam edəcək. Dualarımız bu münaqişənin bütün qurbanları və ondan
kənarda olanlarla birlikdədir. Səmimi qəlbdən ümid edirik ki,
regionumuzda sülh, təhlükəsizlik və sabitlik bərqərar olacaq”, –
deyə Q. Mohiuddin əlavə edib.