
Bakı. Trend:
Heydər Əliyev Beynəlxalq Aeroportu bir daha regionun aparıcı
hava limanı statusunu təsdiqləyərək “Mərkəzi Asiya və MDB-nin Ən
Yaxşı Hava Limanı” nominasiyasında nüfuzlu “Skytrax World Airport
Awards 2026” mükafatına layiq görülüb.
Trend xəbər verir ki, bu
barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti
məlumat yayıb.
Mükafat martın 18-də Böyük Britaniyanın London şəhərində,
“Passenger Terminal Expo World” (PTE World) sərgisi çərçivəsində
keçirilən rəsmi mərasim zamanı təqdim olunub.
“World Airport Awards” aviasiya sənayesində ən nüfuzlu
beynəlxalq mükafatlardan biri hesab olunur və dünya üzrə
sərnişinlər arasında keçirilən ən böyük illik müstəqil sorğu
əsasında müəyyən edilir. 1999-cu ildən təqdim olunan bu mükafatlar
565-dən çox hava limanında sərnişin təcrübəsini qiymətləndirən
genişmiqyaslı sorğulara əsaslanır. Sorğuda müxtəlif ölkələrdən
minlərlə sərnişin iştirak edir və nəticələr hava limanlarının hər
hansı təsiri olmadan müstəqil şəkildə formalaşdırılır.
Qiymətləndirmə zamanı sərnişin təcrübəsinin bütün əsas
mərhələləri – qeydiyyat, təhlükəsizlik və pasport nəzarəti, tranzit
zonaları, alış-veriş və xidmət sahələri, eləcə də minik prosesinə
qədər bütün xidmət infrastrukturu nəzərə alınır.
Heydər Əliyev Beynəlxalq Aeroportunun ardıcıl olaraq bu mükafata
layiq görülməsi hava limanının inkişaf edən xidmət standartlarının,
davamlı inkişaf strategiyasının və regional liderlik mövqeyinin
növbəti təsdiqidir. Müasir infrastrukturu, sərnişin yönümlü xidmət
modeli və innovativ texnoloji həlləri ilə hava limanı regionun
önəmli aviasiya qovşaqlarından biri kimi mövqeyini gücləndirməyə
davam edir.


