Sudanda xəstəxanaya hücum edilib, ölənlər var

Baş səhifə

Bakı. Trend:

Sudanın cənub hissəsində, Şərqi Darfur vilayətinin mərkəzi
sayılan Əl-Deyn şəhərində yerləşən xəstəxanaya hücum nəticəsində,
aralarında 13 uşağın da olduğu azı 64 nəfər ölüb.

Trend xəbər verir ki, bu
barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom
Qebreyesus “X” sosial platformasında paylaşım edib.

Onun bildirdiyinə görə, insident zamanı daha 89 nəfər müxtəlif
dərəcəli xəsarətlər alıb.




ÜST rəhbəri qeyd edib ki, bu faciə ilə birlikdə Sudan münaqişəsi
dövründə səhiyyə obyektlərinə yönəlmiş hücumlar nəticəsində
həyatını itirənlərin sayı 2 000-i ötüb. O vurğulayıb ki, təxminən
üç ildir davam edən qarşıdurma ərzində, Əl-Deyn hadisəsi də daxil
olmaqla, tibb müəssisələrinə qarşı həyata keçirilmiş 213 hücumda
ümumilikdə 2 036 ölüm faktı qeydə alınıb.

Bundan əlavə, o, Sudan müharibəsi zamanı səhiyyə obyektlərinə
edilən hücumlarda 720-dən çox insanın yaralandığını da diqqətə
çatdırıb.