
Bakı. Trend:
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü,
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və
İdarəetmə Xidməti və “Aqrar tədarük və təchizat” ASC-nin birgə
təşkilatçılığı ilə ərsəyə gələn festival çərçivəsində Horovlu kənd
bazarının açılışı baş tutub, kənd təsərrüfatı məhsulları və əl
işlərinin yarmarkası təşkil olunub. Müxtəlif bölgələrdən fermer və
investorlar üçün satış imkanı yaradılıb.
Trend xəbər verir
ki, festival çərçivəsində Novruz bayramının personajları olan Bahar
qızı, Kosa və Keçəlin təqdimatında məzəli oyunlar, ənənəvi
tamaşalar, həmçinin musiqiçilər, xanəndələr, aşıqlar, xor
kollektivi, rəqqaslar və incəsənət xadimlərinin ifasında əyləncəli
konsert proqramı təşkil olunub. Uşaqlar üçün xüsusi zonada kukla
teatr tamaşası göstərilib, interaktiv fləşmoblar, viktorinalar
keçirilib, hədiyyələr paylanılıb.
Sakinlər Novruz bayramının əsas simvolu kimi hazırladıqları
kreativ səmənilərlə müsabiqəyə qatılaraq birincilik uğrunda
mübarizə aparıblar. İctimai xadimlərdən ibarət münsiflər heyəti
kreativlik, estetiklik və digər kateqoriya üzrə qalibləri müəyyən
ediblər. Müxtəlif nominasiyalarda qalib gələn iştirakçılara
hədiyyələr təqdim olunub. Ustad aşpazların iştirakı ilə səməni
halvasının hazırlanması üzrə master-klass olduqca maraqla
qarşılanıb. Horovlu kənd parkında təşkil edilən festivalda qonaqlar
sacda hazırlanan lavaş, fəsəli, kətə, həmçinin bölgənin endemik
bitikisi sayılan çirişotu kətəsinin dadına baxıblar.
Kəndirbazlar, pəhlivanlar, yumurta boyayayanlar və digərlərinin
iştirakı ilə baş tutan Novruz festivalı sonda bayram tonqalı
ətrafında birlik rəmzi olan Yallı rəqsi ilə başa çatıb.


