Bakı. Trend:
Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizində Rusiyanın “kölgə
donanması”na aid olduğu ehtimal edilən gəmini saxlayıb
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti
Emmanuel Makron sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, “Deyna” adlı gəmi bu səhər saxlanılıb. Makronun
sözlərinə görə, dəniz hüquqlarını pozan bu cür gəmilər “müharibə
qazancı əldə etməyə çalışan vasitələrdir”.
Makron vurğulayıb ki, Yaxın Şərqdə baş verən hadisələr Fransanın
Ukraynaya dəstəyini dayandırmayacaq və Paris bu kimi fəaliyyətlərə
qarşı mübarizəni davam etdirəcək.
Fransanın Aralıq dənizi üzrə dəniz administrasiyasının
məlumatına görə, Mozambik bayrağı altında üzən gəmi Murmansk
şəhərindən yola düşüb. Gəminin saxta bayraqla üzdüyü ehtimal
edildiyi üçün ona müdaxilə edilib və sənədlərin yoxlanılması ilə
şübhələr təsdiqlənib.
Hadisə ilə bağlı Marsel prokurorluğuna müraciət olunub və gəmi
marşrutundan kənarlaşdırılaraq Fransa donanmasının müşayiəti ilə
dayanacaq nöqtəsinə yönləndirilib.
Yerli mediada gəminin Rusiyanın “kölgə donanması” ilə əlaqəli
olduğu ehtimalının araşdırıldığı bildirilir.

