
Bakı. Trend:
Sakit okean sahillərindən Rokki dağlarına qədər milyonlarla
amerikalı bu həftə mövsümdənkənar isti hava ilə üzləşib.
Temperaturun ilin orta göstəricisindən təxminən 17 dərəcə yüksək
olması vəziyyəti bəzi bölgələrdə təhlükəli həddə çatdırıb.
Trend bu
barədə xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, əsasən qazıntı yanacaqlarının yandırılması
nəticəsində yaranan iqlim böhranı son on ildə bu cür istilik
dalğalarının baş vermə ehtimalını dörd dəfə artırıb.
Beynəlxalq iqlim tədqiqatçıları konsorsiumu olan World Weather
Attribution təşkilatının araşdırmasına görə, qlobal istiləşmə
olmasaydı, hazırkı istilik dalğası daha mülayim keçər və temperatur
təxminən 0,8°C aşağı olardı.
London İmperial Kollecinin iqlim elmləri professoru Friderike
Otto bildirib ki, əldə olunan nəticələr iqlim dəyişikliyinin hava
şəraitini sənayeləşmədən əvvəlki dövrlə müqayisədə daha ekstremal
hala gətirdiyini açıq şəkildə göstərir.
Alimlər 18–22 mart tarixlərini əhatə edən beşgünlük proqnozları
analiz edərək, qlobal istiləşmənin temperatur göstəricilərinə
təsirini qiymətləndiriblər. Tədqiqat çərçivəsində hava və proqnoz
məlumatları ilə yanaşı, iqlim modellərindən də istifadə olunub.
Proqnozlara görə, yaxın günlərdə istilər daha da güclənəcək.
Xüsusilə cənub-qərb bölgələrində temperaturun artacağı, isti hava
dalğasının isə düzənliklərə və cənuba doğru yayılacağı gözlənilir.
Həftənin sonuna qədər 100-ə yaxın şəhərdə mart ayı üzrə temperatur
rekordlarının qırılması ehtimal edilir.
Qeyd olunur ki, ABŞ-də ekstremal hava hadisələri arasında ən çox
ölümə səbəb olan məhz isti hava şəraitidir. Meteoroloqlar xüsusilə
risk qrupuna daxil olan insanlar arasında istilə bağlı
xəstəliklərin arta biləcəyi barədə xəbərdarlıq edərək, vətəndaşlara
bol maye qəbul etməyi və imkan daxilində evdə qalmağı tövsiyə
edirlər.


