
Ermənistanın müdafiə naziri Suren Papikyan Baş nazir Nikol Paşinyanın iddiasını davam etdirərək, müxalifəti Azərbaycanla müharibəyə təhrik etməyə cəhddə günahlandırıb.
Modern.az xəbər verir ki, İrəvandakı brifinqdə nazirə müharibənin ilkin şərtləri və real təhdidləri barədə sual verilib. Jurnalistlər ondan “doğrudanml baş nazirin dediyi kimi, müxalifətin qalib gələcəyi təqdirdə, payızın əvvəlində yeni bir eskalasiya baş verə bilər?”,-deyə soruşublar.
Nazir Suren Papikyan jurnalistlərə bildirib ki, müxalifət qüvvələrinin təbliğ etdiyi “hekayələr” və onların davakar münasibəti yeni müharibənin birbaşa təhlükə deməkdir.
Xatırladaq ki, martın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyan da ölkəsindəki “müharibə tərəfdarları”ndan bəhs edib:
“Müharibə tərəfdarları hər keçən gün getdikcə daha çox aşkara çıxır. Onlar sülhə qarşı olmadıqlarını iddia edirlər, lakin hakimiyyətə gələcəkləri təqdirdə sülh müqavilələrini yenidən nəzərdən keçirəcəklərini deyirlə”.
Paşinyan deyib ki, sülhə qarşı olanların hakimiyyətə gəlişi qaçılmaz müharibə deməkdir, bu da seçkilərdən qısa müddət sonra, payızdan gec olmayaraq baş verə bilər.
Ermənistanda seçkilər bu il iyunun 7-də keçiriləcək.


