Xocalıda Torpaq çərşənbəsi böyük coşqu ilə qeyd olunub (FOTO)

Baş səhifə

Xocalı. Trend:

Martın 17-də Xocalı şəhərində Novruzun müjdəçisi olan Torpaq
çərşənbəsi münasibətilə böyük bayram tonqalları yandırılıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xiidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, Xocalı şəhərinin mərkəzində, eləcə də köç həyata keçirilən
kəndlərdə, o cümlədən Xocalınln Şuşa kəndində sakinlər bir araya
gələrək, bayram tonqalları ətrafında toplaşıblar.




Doğma torpaqlarına qayıdan insanlar Torpaq çərşənbəsini xüsusi
sevinc və qürur hissi ilə qeyd ediblər.Tonqal ətrafında toplaşan
sakinlər bir-birini bayram münasibətilə təbrik edib, Novruz
ənənələrini yaşadıblar. Səsləndirilən musiqi nömrələri və bayram
ovqatlı çıxışlar tədbirə xüsusi rəng qataraq insanlarda yüksək
əhval-ruhiyyə yaradıb.

İllər sonra doğma yurdlarında yandırılan bu tonqallar torpağın
dirçəlişinin, həyatın yenidən qayıdışının rəmzi kimi sakinlərə
böyük sevinc bəxş edib. Xocalıda ucalan bayram tonqalları həm də
azad torpaqlarımızda həyatın bərpa olunduğunu göstərən qürurverici
mənzərə yaradıb. Sakinlər bildiriblər ki, bu gün doğma yurdlarında
Torpaq çərşənbəsini qeyd etmək, onlar üçün ən böyük xoşbəxtlikdir.
Bayram tonqalları ətrafında yaşanan sevinc və birlik hissi isə
Novruzun gətirdiyi ümid, dirçəliş və vətən sevgisinin parlaq
təcəssümünə çevrilib.