Xankəndidə Torpaq çərşənbəsinin tonqalı alovlandırılıb (FOTO)

Baş səhifə

Xankəndi. Trend:

Martın 17-də Xankəndi şəhərində Novruzun müjdəçisi olan Torpaq
çərşənbəsi böyük coşqu və bayram əhval-ruhiyyəsi ilə qeyd
edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, şəhərin Zəfər meydanında çərşənbə tonqalı alovlandırılıb.




Tonqal ətrafına toplaşan insanlar, qədim ənənələrə uyğun olaraq
bayram tonqalının üzərindən tullanıb, baharın gəlişini sevinclə
qarşılayıblar. Musiqili və əyləncəli proqramla müşayiət olunan
tədbir iştirakçılarda xüsusi bayram ovqatı yaradıb. Milli musiqilər
səsləndirilib, sakinlər birlik və həmrəylik şəraitində Novruz
ənənələrini yaşadıblar. Uzun illərdən sonra doğma Qarabağ
torpağında Novruz tonqallarının alovlanması sakinlərdə qürur və
sevinc hisslərini daha da artırıb.

Bayram tonqalının alovu şəhərə xüsusi gözəllik bəxş edib,
sakinlərə unudulmaz bayram anları yaşadıb.