Milli Xalça Muzeyində Nigar Əliyevanın sərgisi açılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Martın 17-də Azərbaycan Milli Xalça Muzeyində rəssam Nigar
Əliyevanın fərdi sərgisi açılıb.

Trend xəbər
verir ki, açılışda Heydər Əliyev Mərkəzinin direktoru Anar
Ələkbərov, Alena Əliyeva, mədəniyyət nazirinin müavini Səadət
Yusifova, mədəniyyət və incəsənət nümayəndələri iştirak
ediblər.

Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə
Məlikova bildirib ki, muzey fəaliyyət göstərdiyi bütün dövr ərzində
daim rəssamlara dəstək olmağa çalışıb.

Direktor qeyd edib ki, sərginin müəllifi Nigar Əliyeva gənc
olmasına baxmayaraq, artıq 10 ildən çoxdur sənət yolunda uğurla
fəaliyyət göstərir. Bu gün o, təkcə ölkəmizdə deyil, Azərbaycanın
hüdudlarından kənarda da tanınır.

Əminə Məlikovanın sözlərinə görə, rəssam öz əsərlərində
Azərbaycanın milli irsini, milli yaddaşını və mədəni dəyərlərini
bədii şəkildə ifadə etməyi bacaran sənətkarlardandır. Bu kimi
təşəbbüslər milli irsimizin yeni baxışla təqdim olunmasına, daha
geniş auditoriyaya çatdırılmasına və müasir incəsənətdə yeni ifadə
vasitələri ilə yaşadılmasına xidmət edir.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki,
rəssamın yaradıcılığında İrəvan üslubu özünəməxsus və uğurlu bədii
yanaşma ilə təqdim olunur.

Novruz bayramının önəminə toxunan nazir müavini deyib ki, bu,
təkcə bayram deyil, eyni zamanda keçmişlə gələcək arasında mənəvi
körpü yaradan, insanlarda ümid və inam hissini gücləndirən müqəddəs
dəyərdir.




Bu layihə üzərində iki il çalışdığını bildirən Nigar Əliyeva
qeyd edib ki, bu müddət ərzində milli irsimizi yenidən araşdırmağa,
xüsusilə gənc nəslə Azərbaycan irsini daha yaxından tanıtmağa səy
göstərib.

Rəssam sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə
təşəkkürünü bildirərək vurğulayıb ki, ekspozisiyada müxtəlif
muzeylərə aid eksponatlardan da istifadə olunub. Sərgidə təqdim
olunan mövzular təsadüfi seçilməyib, onların hər biri xalqımızın
tarixinə, milli yaddaşına və zəngin sənət irsinə söykənir.

Sərgidə müəllifin 2024–2026-cı illərdə kətan üzərində yağlı boya
ilə yaratdığı əsərləri təqdim olunub. Rəssam apardığı araşdırmalar
əsasında ərsəyə gətirdiyi əsərlərdə milli mətbəxə, xalq tətbiqi
sənətinin zərgərlik, toxuculuq, tikmə, bədii metal, soyuq silah,
geyim və digər nümunələrinə müraciət edib. Kompozisiyalarda klassik
Azərbaycan rəssamlıq ənənələrinə xas ornamental və bədii
elementlərdən, xüsusilə Mirzə Qədim İrəvani üslubunun
incəliklərindən məharətlə istifadə olunub.

Sonda qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, Nigar Əliyeva yaradıcılığı ilə Azərbaycanı həm
ölkə daxilində, həm də beynəlxalq məkanda uğurla təmsil edən
rəssamlardandır. O, ABŞ, Pakistan və Gürcüstan da daxil olmaqla
müxtəlif ölkələrdə keçirilən sərgilərdə iştirak edib. Bu sərgi isə
ideya və məzmun baxımından digərlərindən fərqlənir. Bu, yalnız
keçmişə baxış deyil, eyni zamanda tariximizin, mədəniyyətimizin və
milli yaddaşımızın qorunub yaşadılmasının, gələcək nəsillərə
ötürülməsinin vacibliyini ifadə edən mühüm mesajdır.

Azərbaycan Milli Xalça Muzeyi və “Arts Council Azerbaijan”ın
birgə təşkil etdiyi sərgi martın 31-dək davam edəcək.