Milli Məclisdə vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Milli Məclisdə vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş
keçirilib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev hakimləri bu məsul
vəzifəyə təyin olunmaları münasibətilə təbrik edib, onlara
fəaliyyətlərində uğurlar arzulayıb. O, Azərbaycanda Ulu Öndər
Heydər Əliyevin rəhbərliyi ilə başlamış hüquqi dövlət quruculuğu
prosesi, onun əsas artibutlarından biri olan Konstitusiyanın
qəbulu, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
uğurla davam etdirilən məhkəmə-hüquq islahatları barədə
danışıb.

Parlamentlə məhkəmə orqanları arasında sıx əməkdaşlığın
qurulduğunu deyən Aparat rəhbəri Milli Məclisin məhkəmə-hüquq
sisteminin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün qəbul
etdiyi qanunları diqqətə çatdırıb.




Sonra çıxış edən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının
üzvü Nizami Səfərov ölkəmizdə məhkəmə sisteminin fəaliyyəti, bu
sahənin təkmilləşdirilməsi üçün görülən işlər barədə danışıb,
beynəlxalq hüququn bir sıra məsələləri haqqında fikirlərini
bölüşüb.

Görüşdə Məhkəmə-Hüquq Şurası Aparatı rəhbərinin müavini Rəşad
Həsənli qanunvericilik və məhkəmə hakimiyyəti arasında yaradılmış
sıx əməkdaşlığa və bu görüşün təşkilinə görə parlament rəhbərliyinə
təşəkkürünü bildirib. O, bu görüşün yeni təyin olunmuş hakimlərin
gələcək fəaliyyətində öz rolunu oynayacağına inamını ifadə
edib.

Sonra slaydlar vasitəsilə Milli Məclisin fəaliyyətinə dair
təqdimat diqqətə çatdırılıb.

Tədbir çərçivəsində hakimlər parlamentin inzibati binasında
Heydər Əliyevin abidəsini və “Zəfər Guşəsi”ni ziyarət ediblər,
parlamentin plenar iclas zalı ilə tanış olublar və xatirə şəkilləri
çəkdiriblər.