
Bakı.Trend:
Yaxın Şərqdəki münaqişə iyuna qədər milyonlarla insanı kəskin
aclığa sürükləyə bilər.
Trend xəbər verir
ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) son
hesabatında qeyd olunub.
Təşkilatın proqnozlarına əsasən, ABŞ–İsrailin İrana qarşı
müharibəsi iyun ayına qədər davam edərsə, əlavə 45 milyon insanın
kəskin aclıqla üzləşəcək.
Təşkilatın icraçı direktorunun müavini Karl Skau Cenevrədə
jurnalistlərə bildirib ki, ərzaq, neft və daşınma xərclərinin
artması nəticəsində on milyonlarla insanın kəskin aclığa
sürüklənəcəyi gözlənilir.
Onun sözlərinə görə, bu vəziyyət kəskin aclıqdan əziyyət
çəkənlərin ümumi sayını hazırkı rekord 319 milyon nəfərlik
göstəricidən da yuxarı qaldıracaq.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.


