İşğaldan azad Kəlbəcərdə ilk kütləvi Novruz tədbiri keçirilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

İşğaldan azad edildikdən sonra Kəlbəcər rayonunda ilk dəfə
sakinlərin iştirakı ilə Novruz bayramı tədbiri keçirilib.

Bu barədə Trend-ə Kəlbəcər rayonunda Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa,
Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.

Bildirilib ki, Kəlbəcər rayonunda Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa,
Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı, Mədəniyyət
Nazirliyinin dəstəyi ilə keçirilən tədbir rayon ərazisində yaşayan
ailələr və uşaqlar üçün bayram əhval-ruhiyyəsinin yaradılmasına,
həmrəyliyin və birlik hissinin gücləndirilməsinə xidmət edib.




Tədbir torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin
xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin
səsləndirilməsi ilə başlayıb. Prezidentin Kəlbəcər rayonundakı
xüsusi nümayəndəsi Bəşir Hacıyev bayram meydanında sakinləri
salamlayaraq onları Novruz bayramı münasibətilə təbrik edib, xoş
arzularını çatdırıb.
Şəhərin birinci yaşayış məhəlləsində böyük səməni ucaldılıb, bayram
tonqalı qalanıb. Zurna, balaban və nağaranın sədaları altında
keçirilən musiqi proqramında Fikrət Əmirov adına “Göygöl” Dövlət
Mahnı və Rəqs Ansamblının rəqs qrupu “Uzundərə”, “Cəngi” və “Dağlı”
rəqslərini təqdim edib. Meydanda uşaqlar yumurta döyüşdürərək
Novruz adətlərini yaşadıblar. Kəlbəcər folklorunun ayrılmaz hissəsi
olan “Maral oyunu” da şənliyə xüsusi rəng qatıb.
​Dədə Qorqud obrazında çıxış edən ozan qopuz ifa edərək xeyir-dua
verib, Kosa və Keçəlin məzəli səhnələri, Bahar qızının çıxışı isə
uşaqlara unudulmaz anlar yaşadıb.

Tədbir Kəlbəcərdə aparılan bərpa və yenidənqurma prosesləri
fonunda sakinlər üçün bayram ab-havası yaradaraq onların sosial
həyatına canlanma gətirib.