Efiopiyada “ASAN xidmət” modeli əsasında növbəti xidmət mərkəzlərinin açılışı olub

Baş səhifə
Efiopiyada ASAN xidmət modeli əsasında növbəti xidmət mərkəzlərinin açılışı olub

Efiopiyada “ASAN xidmət” modeli əsasında yaradılmış növbəti “MESOB” dövlət xidməti mərkəzlərinin açılışı olub.

“Report” xəbər verir ki, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev Adama şəhərində baş tutmuş mərasimdə iştirak edib.

Tədbirə həmçinin Efiopiya Federal Dövlət Xidməti Komissiyasının rəhbəri Mekuria Hayle, Oromiya regionunun vitse-prezidenti Avelu Abdi və digər rəsmi şəxslər qatılıblar.

Dövlət qurumları və özəl təşkilatlar müvafiq xidmət mərkəzlərində əhaliyə ümumilikdə 130-dan çox xidmət təqdim edir. Mərkəzlərin infrastrukturuna xidmət masaları, məlumat məntəqələri, gözləmə otaqları, özünəxidmət nöqtələri və uşaq guşəsi daxildir.

Hazırda Efiopiyada “ASAN xidmət” təcrübəsi əsasında 36 xidmət mərkəzi fəaliyyət göstərir. Cari ilin sonunadək 200-dən çox xidmət mərkəzinin açılışı planlaşdırılır.

Xatırladaq ki, “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin may ayında Dövlət Agentliyi ilə Efiopiyanın müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb.