
Bakı. Trend:
Daxili İşlər Nazirliyi (DİN) və Fövqəladə Hallar Nazirliyi (FHN)
Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə
müraciət edib.
Trend xəbər verir ki, müraciətdə Novruz bayramı
ritualını yerinə yetirən zaman yanğınların başvermə riskinin olduğu
da unudulmamalı, xüsusilə binaların həyətlərində, avtomobillərin
yaxınlığında, eləcə də meşə və yaşıllıq ərazilərdə tonqalların
qalanması ciddi təhlükə yarada biləcəyi vurğulanıb.
“Tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl
olunmaması arzuolunmaz və acı nəticələrə yol aça bilər.
Vətəndaşların diqqətinə çatdırırıq ki, bayram tonqalı tikili,
avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan ən azı
50 metr kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar
mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən
ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı,
süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır”, – müraciətdə
vurğulanıb.


