Bakı. Trend:
Slovakiyanın elektrik ötürmə sistemi operatoru SEPS Ukraynanın
“Ukrenerqo” şirkətinə qəza elektrik enerjisi təchizatının
dayandırılması ilə bağlı rəsmi bildiriş göndərib.
Trend xəbər verir ki, bu
barədə açıqlama Ukrayna şirkətinin teleqram kanalında yayılıb.
Məlumata əsasən, “Ukrenerqo” Slovakiyanın SEPS operatorundan
qarşılıqlı təcili yardım göstərilməsi barədə müqavilənin birtərəfli
qaydada ləğv olunduğunu bildirən rəsmi məktub alıb. Bildirilib ki,
müqavilə bu ilin may ayında tam şəkildə qüvvədən düşəcək.
“Ukrenerqo”nun açıqlamasında qeyd olunub ki, bu qərar Ukrayna
istehlakçıları üçün hər hansı dəyişiklik yaratmayacaq. Bildirilib
ki, Slovakiyadan qəza məqsədli enerji yardımı çox nadir hallarda və
məhdud həcmdə istifadə olunub. Belə hallardan sonuncusu bu ilin
yanvar ayında qeydə alınıb. “Qarşılıqlı təcili yardım” sazişinin
ləğvi isə kommersiya xarakterli elektrik enerjisi mübadiləsinə
təsir etməyəcək. Slovakiyadan Ukraynaya elektrik enerjisinin idxalı
indiyədək məhdudiyyətsiz həyata keçirilib və hazırda da davam
edir.
Bundan əvvəl Slovakiyanın Baş naziri Robert Fitso Ukraynanı
Rusiyanın zərbələri nəticəsində zədələnmiş “Drujba” boru kəməri
vasitəsilə neft nəqlinin bərpasını qəsdən ləngitməkdə ittiham
etmişdi.

