Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir – yeni çıxış yaradılır

Baş səhifə

Bakı.Trend:

Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə
kəsişməsində icra olunan layihə artıq yekunlaşmaq üzrədir. Yaxın
günlərdə ərazini yeni görkəmdə görmək mümkün olacaq.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
(AYNA) məlumat verilib.




Bildirilib ki, layihə çərçivəsində ərazidəki arakəsmə ləğv
edilərək Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və
“20 Yanvar” dairəsi istiqamətində birbaşa çıxış təmin edilir.
Bununla da nəqliyyat vasitələrinin Əbdülvahab Salamzadə küçəsindən
sağa döndükdən sonra Tbilisi prospektində geriyədönmə etməsi
nəticəsində yaranan yüklülük aradan qalxacaq.
Həmçinin Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə
kəsişməsi işıqforla nizamlanacaq, piyadaların rahat hərəkəti üçün
təhlükəsiz keçid imkanları yaradılır.

Layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün
Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlərə uyğun
olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Baş Dövlət Yol
Polisi İdarəsi və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ilə
birgə icra edilir.