Britaniya Hörmüz boğazının yenidən açılması üçün plan üzərində çalışır – Starmer

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya hökuməti Hömrüz boğazının yenidən açılması üçün
reallaşdırıla bilən plan üzərində işləyir.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Britaniyanın Baş Naziri Kir Starmer
bildirib.

“Biz bütün müttəfiqlərimizlə, o cümlədən Avropadakı
tərəfdaşlarımızla birlikdə regionda naviqasiya azadlığını mümkün
qədər tez bərpa edə və iqtisadi təsirləri azalda biləcək kollektiv,
reallaşdırıla bilən planın hazırlanması üzərində işləyirik”, – deyə
Starmer jurnalistlərə bildirib.

O əlavə edib ki, vəziyyəti ABŞ Prezidenti Donald Trampla da
müzakirə edib.

Böyük Britaniyanın Baş naziri bildirib ki, ölkə özünü və
müttəfiqlərini müdafiə etmək üçün zəruri addımlar atsa da, daha
genişmiqyaslı müharibəyə cəlb olunmaq niyyətində deyil.




Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.