Britaniya və NATO ölkələrinin dəstəkdən imtina etməsini unutmayacağıq – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Böyük Britaniya və digər NATO ölkələrinin ABŞ və İsrailin
İrana qarşı əməliyyatını dəstəkləməkdən imtina etməsini
unutmayacaq.

Trend xəbər verir
ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Ağ Ev rəhbəri qeyd edib ki, Böyük Britaniyanın Baş naziri Kir
Starmer Yaxın Şərqə aviadaşıyıcılar göndərməyi təklif edib. Lakin
ABŞ Prezidentinin sözlərinə görə, bunu “müharibə başlamazdan əvvəl”
etmək lazım idi.

“Fərq eləmir bizə dəstək olunacaq, ya yox, bir şeyi dəqiq deyə
bilərəm və bunu onlara da demişəm: biz bunu yadda saxlayacağıq”,-
deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.




İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.