
Rumıniya enerji daşıyıcılarının qiymətlərində artımın qarşısını almaq üçün bu gün Yaxın Şərqdə gərginliyin azaldılmasını əsas vəzifə hesab edir.
“Report”un Avropa bürosu xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana-Silviya Tsoyu Brüsseldə Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının iclası başlamazdan əvvəl jurnalistlərə bildirib.
“Hazırda Rumıniyanın Baş naziri (İlie Bolojan) qiymətləri sabitləşdirmək üçün həll yolu tapmaq məqsədilə neft hasil edən şirkətlərlə danışıqlar aparır”, – nazir deyib.
Tsoyu qeyd edib ki, hazırkı enerji böhranı həmçinin Qara dənizin təkcə Avropanın təhlükəsizliyi deyil, həm də infrastruktur layihələri baxımından əhəmiyyətini göstərib: enerji resurslarının nəqli, sualtı kabellərin çəkilməsi və digər qitələrlə əlaqənin təmin edilməsi üçün.
“Gələn il dünyanın müxtəlif yerlərində böhranların yaranacağı təqdirdə alternativ enerji axınlarını təmin etmək üçün infrastrukturu getdikcə daha çox inkişaf etdirmək son dərəcə vacibdir”, – o bildirib.
Ukraynaya dəstək zərurətinə gəldikdə, Rumıniyanın mövqeyi çox aydındır: 90 milyard avro məbləğində kredit tez bir zamanda ayrılmalıdır.
“Aİ-nin Rusiyaya qarşı qüvvədə olan sanksiyaları altı ay uzatmaq qərarına gəlməsi çox yaxşıdır. Amma təzyiqi gücləndirmək üçün daha çox iş görmək lazımdır, xüsusən də nəzərə alanda ki, indi Rusiyanın əvvəllər bu səviyyədə olmayan əlavə neft gəlir mənbəyi var. Sanksiyaların 20-ci paketini qəbul etmək zəruridir”, – Tsoyu deyib.
ASPIDIS missiyası üçün mandatla bağlı sualı cavablandıran nazir qeyd edib ki, Rumıniya bu dəniz missiyasında iştirak etmir. “Hərbi dəniz qüvvələrimizi Qara dənizdə cəmləşdirmək bizim üçün çox vacibdir, çünki orada da problemlər var. Biz bu dəniz missiyası ilə bağlı ümumi danışıqlara öz töhfəmizi verməyə hazırıq”, – o qeyd edib.


