Fransaya casusluqda ittiham olunanlara hökm oxundu

Baş səhifə

Bakı.Trend:

Fransaya casusluq ittihamı ilə həbs olunan Martin Ryan və
dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə
yekun məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun
sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Martin Ryan 10 il, Azad Məmmədli isə 12 il
müddətinə azadlıqdan məhrum edilib və hər iki şəxs cəzasını ciddi
rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.




Həmçinin məhkəmə qərar qəbul edib ki, Martin Ryan cəzasını çəkib
başa vurduqdan sonra Azərbaycan Respublikasının hüdudlarından
kənara çıxarılacaq.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında
istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən
müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi,
Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata
buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə
fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət
göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi
xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə
gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya,
Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya
dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və
əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan
silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar
almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən
edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il
dekabrın 4-də həbs olunublar. “Merkorama” MMC-nin baş direktoru
olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. İttihama
görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici
Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi
istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryana AR Cinayət
Məcəlləsinin 276-cı (casusluq) maddəsi, AR vətəndaşı Azad
Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət)
ilə ittiham irəli sürülüb.