Avropa İttifaqı Hörmüz boğazının açıq saxlanması yollarını müzakirə edəcək – Kallas

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Hörmüz boğazının açıq saxlanması yollarını
müzakirə edəcək.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Aİ-nin Xarici Siyasət üzrə Ali
Nümayəndəsi Kaya Kallas bildirib.

“Hörmüz boğazının açıq qalması bizim maraqlarımıza uyğundur və
buna görə də Avropa tərəfi olaraq bu məsələdə nə edə biləcəyimizi
müzakirə edirik,” – deyə o, Brüsseldə Aİ xarici işlər nazirlərinin
sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, İranın hücumları və təhlükəsizlik riskləri
səbəbindən dünyanın ən mühüm enerji marşrutlarından biri olan
Hörmüz boğazında tankerlərin və yük gəmilərinin hərəkəti kəskin
şəkildə azalıb, bu isə öz növbəsində qlobal neft bazarında
qiymətlərin sürətli artımına yol açıb.

Xatırladaq ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.




İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.