İran Körfəz ölkələrinə fərq qoymadan 300-dən çox hücum edib – ABŞ Mərkəzi Komandanlığı

Baş səhifə

Bakı. Trend:

İran son iki həftə ərzində Körfəz ölkələrinə fərq qoymadan
300-dən çox hücum edib.

Trend xəbər verir
ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Kommandanlığının (US
CENTCOM) rəsmi “X” hesabında məlumat dərc olunub.

“İran rejimi bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərində mülki
şəxslərin təhlükəsizliyi ilə bağlı narahatlıq ifadə edərək onları
dəniz limanlarından uzaq durmağa çağırıb. Bu yalandır. Son iki
həftə ərzində İran rejimi günahsız insanların təhlükəsizliyini
nəzərə almadan Körfəz ölkələrinə fərq qoymadan 300 dəfədən çox
hücum edib. Bu isə həqiqətdir”, – deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.




İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.