Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir

Baş səhifə

Bakı.Trend:

Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar
sərtləşdirilir.

Trend xəbər
verir ki, bununla bağlı müddətli həqiqi hərbi xidmətə çağırışdan
yayınma hallarının vaxtında və effektiv qarşısının alınması
məqsədilə Azərbaycan Respublikasının aidiyyəti qanunvericilik
aktlarında, o cümlədən Cinayət, Miqrasiya və İnzibati Xətalar
Məcəllələrində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı
və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında”
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının
2024-cü il 27 dekabr tarixli qanunu qəbul edilib.

Həmin qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
edilmiş dəyişikliyə əsasən “çağırışdan boyun qaçırma” dedikdə
vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə
(şəhadətləndirməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və
səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa
düşülür.

Bununla yanaşı, vətəndaşların müddətli həqiqi hərbi xidmətə və
səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda,
barələrində çağırış üzrə qərar qəbul edilənədək, onların ölkədən
getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilib.

Artıq bu dəyişikliklər “Hərbi xidmət keçməkdən boyun qaçırma,
hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik
işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2001-ci il 1 noyabr tarixli
1 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
Qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası
Ali Məhkəməsi Plenumunun 23 yanvar 2026-cı il tarixli Qərarında da
öz əksini tapıb.




Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
Qərarında Cinayət Məcəlləsinin 321.1-ci maddəsində məsuliyyətə
səbəb olan əməllər qismində bir sıra hallar göstərilib.

Vətəndaş həqiqi hərbi xidmətə çağırış müddəti başa çatanadək,
habelə tibbi şəhadətləndirməyə, hərbi toplanış və təlimlərə üzrlü
səbəb olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlmədikdə
hərbi xidmətdən boyun qaçırma kimi qiymətləndirilir və məsuliyyətə
səbəb olur.

Bundan başqa çağırışçının hərbi xidmətdən yayınmaq, o cümlədən
tibbi müayinəyə (tibbi şahədətləndirməyə), müddətli həqiqi hərbi
xidmətə çağırılmasına dair çağırış vərəqəsinin çatdırılmasının
qarşısını almaq üçün ona şamil edilən cari çağırış müddəti başa
çatanadək yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış
yeri üzrə hərbi qeydiyyatdan çıxmaması və olduğu yer üzrə hərbi
qeydiyyata durmaması və ya yaşayış yerini dəyişərkən “Hərbi vəzifə
və hərbi xidmət haqqında” Qanunun 7.3-cü maddəsində göstərilən
vəzifəsinə əməl etməyərək hərbi qeydiyyatda olduğu Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə,
idarə, şöbə və bölmələrinə məlumat verməməsi də CM-in 321-ci
maddəsi ilə məsuliyyətə səbəb olan əməllər kimi qiymətləndirilə
bilər.

Yuxarıda qeyd olunan kateqoriyalara aid, ölkənin hüdudlarında və
kənarında olan, aktiv möhlət hüququ olmayan vətəndaşlarımıza
bildirmək istərdik ki, hərbi vəzifələrinin icrasına və hərbi
öhdəliklərinə məsuliyyətlə yanaşsınlar, habelə hərbi biletlərində
və “mygov” platformasında olan şəxsi kabinetlərində qeyd olunan
vaxtda Dövlət Xidmətinin qeydiyyatda olduqları struktur bölmələrinə
yaxınlaşsınlar.

Hərbi sahədə qanunvericiliyin təkmilləşdirilməsi ölkənin milli
təhlükəsizliyini gücləndirmək, Silahlı Qüvvələri çağırışçılarla
vaxtında və keyfiyyətlə komplektləşdirmək, səfərbərlik sisteminin
səmərəliliyini artırmaq məqsədini daşıyır.