Sentyabrın 1-də “Abşeron” yatağında təbii qazın hasilatına başlanılacaq – “Total Energies”

Baş səhifə

Bakı. Trend:

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağı
üzrə tam işlənmə layihəsi çərçivəsində ilk təbii qazın hasilatına
2029-cu il sentyabrın 1-də başlanılması planlaşdırılır. Layihənin
istismar müddətinin təxminən 30 il olacağı nəzərdə tutulur.

Trend bu
barədə “Total Energies” şirkətinə istinadən xəbər verir.

Məlumata görə, “TotalEnergies Absheron B.V.” tərəfindən həyata
keçiriləcək “Abşeron” Yatağının Tam İşlənməsi (YTİ) Layihəsi üçün
Ətraf Mühit və Sosial Təsirin Qiymətləndirilməsi (ƏMSTQ)
hazırlanıb. Qiymətləndirmə Azərbaycan qanunvericiliyi, beynəlxalq
konvensiyalar, Abşeron üzrə Hasilatın Pay Bölgüsü Sazişi və
beynəlxalq neft sənayesi standartlarına uyğun aparılıb.

Layihə Abşeron dəniz qaz-kondensat yatağında daha əvvəl uğurla
həyata keçirilmiş Erkən Hasilat Sxemi mərhələsindən sonra növbəti
inkişaf mərhələsini təşkil edir. Planlara əsasən, layihə
çərçivəsində üç (gələcəkdə əlavə bir) sualtı quyunun qazılması,
sualtı infrastrukturun qurulması, dəniz və quru boru kəmərlərinin
çəkilməsi nəzərdə tutulur. Həmçinin Səngəçal Terminalından təxminən
4 km cənub-qərbdə quruda Mərkəzi Emal Obyekti (MEO) tikiləcək.

Bu obyekt çıxarılan xam qaz və mayeləri emal edəcək. Emal
olunmuş qazın Cənubi Qafqaz Boru Kəməri və Azərbaycanın daxili qaz
şəbəkəsinə ötürülməsi planlaşdırılır. Stabilizasiyadan keçməmiş
kondensat isə Səngəçal Terminalına nəql ediləcək.

ƏMSTQ sənədində layihənin qazma, tikinti, sualtı quraşdırma,
işəsalma və istismar mərhələləri üzrə ətraf mühitə, sosial sahəyə
və mədəni irsə mümkün təsirləri qiymətləndirilib. Araşdırma
2024–2025-ci illərdə quruda və dənizdə aparılan ilkin ekoloji və
sosial tədqiqatlara əsaslanıb.

Qiymətləndirmənin nəticələrinə görə, layihənin həyata
keçirilməsinə mane ola biləcək böyük mənfi ekoloji və sosial
təsirlər müəyyən edilməyib. Orta səviyyəli risklər əsasən fövqəladə
və az ehtimallı hallarla — məsələn, qazın qeyri-müntəzəm məşəldə
yandırılması və ya təsadüfi karbohidrogen sızmaları ilə bağlı ola
bilər. Bu risklərin texniki layihələndirmə, operativ nəzarət və
fövqəladə hallara hazırlıq tədbirləri ilə idarə olunacağı
bildirilib.




Hesabatda göstərilir ki, layihə çərçivəsində tətbiq olunacaq
idarəetmə və azaldıcı tədbirlər nəticəsində qalıq təsirlərin
əksəriyyəti “cüzi” və ya “kiçik” səviyyədə olacaq. Bu təsirlərə
dəniz və quru faunasının qısamüddətli narahatlığı, hava
emissiyaları, səs-küy, tullantıların yaranması və resurslardan
istifadə kimi amillər daxildir və onların əsasən lokal və müvəqqəti
olacağı qeyd olunur.

Bununla yanaşı, layihənin müsbət sosial-iqtisadi təsirləri də
gözlənilir. Buraya yerli məşğulluğun artması, yerli şirkətlər üçün
satınalma imkanları, kadr potensialının inkişafı və ölkənin enerji
təhlükəsizliyinə töhfə daxildir.

Layihə üzrə ictimaiyyət və maraqlı tərəflərlə müzakirələr də
aparılıb. Bu prosesə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə
məsləhətləşmələr, ictimai rəyin toplanması və müvafiq sənədlərin
hazırlanması daxil olub.

Ümumilikdə, aparılan qiymətləndirməyə əsasən, nəzərdə tutulan
bütün idarəetmə və azaldıcı tədbirlər həyata keçirildiyi təqdirdə,
“Abşeron” Yatağının Tam İşlənməsi Layihəsi ətraf mühit və sosial
baxımdan məqbul hesab olunur.

“Abşeron” qaz və kondensat yatağı Xəzər dənizində, sahildən
100km cənub-şərqdə yerləşir. Birgə Müəssisəyə TotalEnergies EP
Abşeron B.V (TEPAB) (35%), SOCAR Abşeron (35%) və ADNOC XRG (30%)
daxildir. İlk işlənmə mərhələsi üzrə hasilat 2023-cü ilin iyulunda
başlayıb. Birinci mərhələdə sualtı hasilat quyusu SOCAR-ın Neft
Daşlarındakı mövcud qurğularına birləşdirilmiş yeni qaz emal
platformasına qoşulub. Gündəlik hasilat gücü 4 milyon kub metr qaz
və 13 000 barel kondensatdır. Qaz Azərbaycanın yerli bazarında
satılır.

1-ci mərhələdən sonra partnyorlar, 2025-ci ilin əvvəllərində
start verilmiş İlkin texniki layihələndirmə (İTL) ilə Abşeron
yatağının tammiqyaslı işlənməsini davam etdirmək barədə qərar qəbul
etmişdir. Yekun Sərmayə Qərarının (YSQ) 2026-cı il ərzində qəbul
olunması qarşıya məqsəd qoyulub. Yatağın Tammiqyaslı İşlənməsi
mərhələsi ilə maksimum hasilat dövründə 110 min bne/gün əlavə
hasilatın təmin ediləcəyi gözlənilir. İşlənmə konsepsiyasına qaz və
mayelərin emalı və ixracı məqsədilə 140km-lik çoxfazalı sualtı boru
kəməri ilə Səngəçal ərazisində quruda inşa edilən yeni qurğulara
qoşulan üç dərinsulu quyu vasitəsilə əhəmiyyətli sualtı işlənmə
mərhələsi daxildir. Maksimum hasilat dövründə, 2-ci mərhələdə
gündəlik qaz hasilatı 12,7 milyon kub metr (ildə 4,5 milyard kub
metr) təşkil edəcək və 1-ci mərhələ üzrə hasilatdan əlavə, ilk
dövrdə gündə 35 000 barel kondensat hasil ediləcək.