Keniyada daşqınlar nəticəsində 62 nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

Keniyada son bir həftə ərzində şiddətli yağışlar səbəbindən baş
verən daşqınlar nəticəsində ən azı 62 nəfər həyatını itirib.

Trend xəbər verir
ki, bu barədə “BBC News” məlumat yayıb.

Ötən həftə yağan güclü yağışlar qəfil daşqınlara səbəb olub.
Çaylar məcrasından çıxaraq evləri su altında qoyub, yollara,
elektrik xətlərinə və su təchizatına zərər vurub. Nayrobidə
körpülər zədələndiyindən bir neçə yol bağlanıb, şənbə günü baş
verən leysan yağışdan sonra isə bir neçə məktəb su altında
qalıb.




Keniyanın Daxili İşlər Nazirliyi bazar günü xəbərdarlıq edərək
bildirib ki, ölkənin bəzi bölgələrində güclü yağışlar davam edir və
daşqın riski yüksəkdir.

Hakimiyyət orqanları düzənlik ərazilərdə yaşayan sakinləri daha
təhlükəsiz yerlərə köçməyə çağırıb. Artıq 2000-dən çox insan
sığınacaq axtarmaq üçün evlərini tərk etmək məcburiyyətində
qalıb.

Polis bildirib ki, ölkənin müxtəlif bölgələrinə təsir edən güclü
yağışlar və ardınca baş verən dağıdıcı daşqınlar səbəbindən
axtarış-xilasetmə əməliyyatları davam edir.