
İranın Fars körfəzi ölkələrinə endirdiyi zərbələrin heç bir bəraəti yoxdur, diplomatik nümayəndəliklərə hücumlar isə beynəlxalq hüququn bütün normalarının kobud şəkildə pozulmasıdır.
“Report” Misir Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bunu qeyd olunan qurumun rəhbəri Bədr Abdel Ati Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı Abdullah bin Zayed Əl Nəhyanla görüşündə bildirib.
“Misir İranın Fars körfəzi dövlətlərinin ərazilərinə zərbələr endirməsini, eləcə də son bir həftə ərzində Birləşmiş Ərəb Əmirliklərinin Ərbildəki konsulluğuna təkrar hücumunu qətiyyətlə pisləyir. Belə hərəkətlər bütün beynəlxalq hüquq normalarının pozulması deməkdir və onlara heç bir bəraət qazandırmaq olmaz”, – misirli naziri bildirib.
Bundan əlavə, Misir diplomatiyasının rəhbəri vurğulayıb ki, Qahirə Fars körfəzi dövlətlərinə endirilən zərbələrin dərhal dayandırılmasında təkid edir. O, təhdidlərə qarşı nümayiş etdirdiyi təmkinə görə Əbu-Dabiyə minnətdarlığını bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


