Bakı. Trend:
ABŞ-nin Yaxın Şərqdəki silahlı qüvvələri yerüstü bölmələrə
birbaşa aviasiya dəstəyi üçün nəzərdə tutulmuş “A-10 Thunderbolt
II” hücum təyyarələrini İranın zərbə pilotsuz uçuş aparatlarına
(PUA) qarşı mübarizə məqsədilə tətbiq etməyə başlayıb.
Trend xəbər verir
ki, bu məlumat ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının
(CENTCOM) açıqlamaları ilə təsdiqlənir.
Hücum təyyarələrinin döyüş uçuşu zamanı sosial şəbəkələrdə
yayımlanan fotolarda qanadların altında dronları məhv etmək üçün
lazer istiqamətləndirmə sistemi ilə təchiz olunmuş “APKWS II”
idarəolunan raketlər, həmçinin PUA-ların məhv edilməsi üçün
istifadə edilə bilən “Sidewinder” tipli “hava-hava” raketləri
görünür. Təyyarə eyni zamanda ştat üzrə yeddilüləli fırlanan bloka
malik 30 mm-lik “GAU-8” aviasiya topu ilə silahlanıb.
Hazırda İordaniya ərazisində yerləşən “Muvaffaq Salti” hərbi
hava bazasında 10 təyyarədən ibarət “A-10” hücum təyyarələri
eskadronu dislokasiya olunub.

