
Bakı. Trend:
İran xarici işlər naziri Seyid Abbas Əraqçi və Fransa xarici
işlər nazirli Jan-Noel Baro regionda hərbi eskalasiya haqda
müzakirə aparıblar.
Bu barədə Trend
İran XİN-ə istinadən məlumat verib.
Məlumata görə, iki ölkə xarici işlər nazirləri arasında baş
tutan telefon söhbətində İran xarici işlər naziri Seyid Abbas
Əraqçi regionda baş verən hadisələrlə əlaqədar ABŞ və İsrailin
addımlarını qınayıb və regionda gərginliyin artmasına səbəb olan
istənilən addımdan çəkinməyin vacibliyini qeyd edib.
Əraqçi deyib ki, İran öz ərazi bütövlüyü və suverenliyini
müdafiə etmək istiqamətində addımlar atır.
Telefon söhbətində Fransa xarici işlər naziri Jan-Noel Baro
Livana hərbi hücumlar dayandırılmasını istəyib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.


